2227
17:55
18 Avqust 2020

Məktəbəhazırlıq qruplarına qəbul üçün tələb olunan SƏNƏDLƏR

Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərinə şamil olunur.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Yerli şagirdlərin qəbuluna icazə verilməyən məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.

Nazirlik tərəfindən məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim ediləcəyi də açıqlanıb.

Belə ki, Azərbaycan vətəndaşları üçün – valideynin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;

Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

Valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Elektron ərizənin qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/ ) və ya şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzlərində aparıla bilər.

Qeyd edək ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.