Azərbaycandan Avropaya külli miqdarda narkotik aparmaq istədilər
12 avqust 2020 18:08 (UTC +04:00)

Azərbaycandan Avropaya külli miqdarda narkotik aparmaq istədilər

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Polşaya dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında avqustun 6-da Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Polşadayerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə "Gil" yükü daşıdığı əks olunan platforma "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış "Gil" yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı Azərbaycan ərazisindən tranzit keçirilməklə Avropaya aparılması nəzərdə tutulan külli miqdarda narkotik vasitələrinin gizlədildiyi kisələrin üzərində Azərbaycana məxsus istehsalçının "Üyüdülmüş Gil, Oğuz dağı, İstehsalçı: Mahmudov İ.İ. VÖEN 8600000742, Oğuz r-nu, H.Əliyev küç. 60" rekvizitlərinin əks olunması gömrük əməkdaşlarının diqqətini cəlb edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən "gil" yükü Azərbaycanın Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycandan İrana ixrac edilən və İranda fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.

# 2434
avatar

Oxşar yazılar