Rəqəmlərin azalması epidemiyanın... - BAŞ İNFEKSİONİSTDƏN AÇIQLAMA
11 avqust 2020 11:27 (UTC +04:00)

Rəqəmlərin azalması epidemiyanın... - BAŞ İNFEKSİONİSTDƏN AÇIQLAMA

Azərbaycanda son günlər koronavirusa yoluxma sayının 100-dən aşağı düşməsi əhalidə arxayınlıq yaratmamalıdır.  Rəqəmin 80-70 arasında olması epidemiyanın sönməsi demək deyil.

Bunu Lent.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist qeyd edib ki, rəqəmin 30-35 olması belə epidemiya hesab olunurdu: “Rəqəmlərin 70-80 olması epidemiyanın sönməsi demək deyil. Rəqəmlər 30-35 olanda, biz bunu epidemiya hesab edirdik. Əgər tövsiyələrə əməl olunmasa, rəqəmlər yenidən yüksələ bilər”.

Qadağaların götürülüməsindən sonra əhalinin çimərliklərə kütləvi şəkildə üz tutması, avtobuslarda sıxlığın müşahidə olunması yoluxmanın sayının yenidən yüksəlməsinə təkan verə bilərmi?

Baş infeksionist qeyd edib ki, yaradılan portal vasitəsilə əhali hansı çimərlikdə daha az adamın olması ilə bağlı məlumat əldə edə bilər: “İnsanlar çalışmalıdır ki, əhali sıx olan yerlərə getməsinlər. Bu, insanların özündən asılıdır. Əhalini də qınamıram. İstirahət etmək istəyirlər. Amma mümkün qədər təmasdan qaçmaq lazımdır. Təbii ki, sıx təmas insanların yoluxmasına səbəb olar”.

İctimai nəqliyyatdakı sıxlığa gəlincə, C.İsayev həm əhalinin, həm də dövlət qurumlarının diqqətli olmasının vacibliyini vurğulayıb: “İnsanları da qınamıram, işə tələsirlər. Ona görə sıxlıq yarana bilir. İnsanlar işə yuxudan bir qədər daha tez qalxıb, gedə bilərlər. Məsələnin başqa bir həlli yolu bu sahəyə baxan qurumların avtobus sayını artırmasından keçir. Avtobusların sayını artırmaq daha yaxşı olar ki, insanlar da sərbəst olsunlar, təmas ehtimalı aşağı olsun”.

# 11284
avatar

Aygün İbrahimli

Oxşar yazılar