08:10
10 Avqust 2020

Belarus DİN Minskdəki etiraz aksiyalarına münasibət bildirdi - YENİLƏNİB

“İnternet resurslarında Belarusda icazəsiz etiraz aksiyaları zamanı baş verənlər barədə yalnış məlumatlar yayılır”.

APA-nın xəbərinə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, internetdə yazılanların çoxu həqiqətə uyğun deyil.

DİN sözçüsü bildirib ki, bazar günündən bəri operativ qərargah yaradılıb və hazırda bütün proseslər izlənilir, məlumatlar toplanılır: “Yaxın vaxtlarda hüquq-mühafizə orqanları baş verənlər barədə rəsmi məlumat verəcək”.

Qeyd edək ki, avqustun 9-da Belorusda Prezident seçkiləri keçirilib. Belarus Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, hazırkı prezident Aleksandr Lukaşenko rəqiblərini üstələyərək bütün ölkə üzrə səslərin əksəriyyətini qazanıb.

Xatırladaq ki, prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

***

02:43

Belarus Mərkəzi Seçki Komissiyanın Prezident seçkilərinin ilkin nəticələrini elan etdikdən sonra paytaxt Minskdə və ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, paytaxtın Maşerov prospektinə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Minskin mərkəzində bir neçə partlayışların olduğu bildirilir. İlkin məlumatlara görə, Storozxovskaya küçəsinə hərbçilərlə dolu 20-yə yaxın maşın gəlib.

Nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə olunub.

Bundan əlavə, Minskdə helikopterlərin havaya qaldırıldığı deyilir. Şəhərin müxtəlif yerlərində icazəsiz aksiyalar davam edir.

Polis Minsk mərkəzində aksiyaların keçirildiyi yerlərə nəqliyyatın hərəkətini məhdudlaşdırır.