Daha 6 çimərlik hazır vəziyyətə gətirilib - BŞİH
03 avqust 2020 17:39 (UTC +04:00)

Daha 6 çimərlik hazır vəziyyətə gətirilib - BŞİH

“Görülən bütün işlərin məqsədi çimərliklərdə koronavirusun yayılmasının qarşısını almaqdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, bütün çimərlikdə işləyən qruplarla maarifləndirmə işləri aparılıb, onlara müvafiq təlimatlar verilib: “Bütün çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Sosial məsafənin saxlanılması, gigiyena qaydalarına riayət edilməsi və digər tələblər bu qəbildəndir. Leyla Əliyevanın təşəbbüsü ilə İDEA ictimai birliyi tərəfindən 6 çimərlik də hazır vəziyyətə gətirilib”.

E. Həbibullayev çimərliklərdə insanlara səsli şəkildə də bəzi təlimatların çatdırılacağını deyib. O bildirib ki, sosial məsafənin qorunması üçün işarələrdən istifadə olunub: “Əsas məsələ dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasıdır. Artıq tibbi maskaların atılması üçün tam ayrı konteynerlər quraşdırılıb. Müvafiq dövlət qurumları tərəfindən bütün lazımı tədbirlər görülür. Əsas iş isə vətəndaşların üzərinə düşür”.

# 2356
avatar

Oxşar yazılar