3766
16:48
01 Avqust 2020

Bu virus hər mövsümdə, hər havada yayılır-XƏBƏRDARLIQ!

Tənəffüs yollar ilə yayılan viruslar ümumiyyətlə, mövsümi olur, ancaq yeni tip koronavirusun (COVID-19) davranışı fərqlidir. Bu, hər havanı, hər mövsümü sevən bir virusdur. Bu virus insanların sıx toplaşdığı, yaxın məsafələrdə çox yayılır. Bir insandan digərinə keçməyi sevir, ona görə də ona bu fürsətləri verməməliyik.

e-tibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi, professor Margaret Harris açıqlayıb. ÜST nümayəndəsi vurğulayıb ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası məsafə gözləmək, maska taxmaq, gigiyena tədbirlərinə əməl etməkdir.

O, COVID-19-a yayda qalib gəlməyin asan olması barədə fikirləri də təkzib edib: "İndi yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur. Ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürəti və miqyasına görə təkcə ABŞ-dan geridə qalır. Qış fəslinin başladığı cənub yarımkürəsində isə indi ənənəvi mövsümi qrip deyil, COVID yoluxmaları yüksək səviyyədədir".

Onun sözlərinə görə, COVID-19 və ənənəvi qrip virusları eyni vaxtda yayılmağa başlasa, vəziyyətin necə olacağını söyləmək çətin olacaq.

Payızda pandemiyanın ikinci dalğasının olub-olmayacağına gəlincə, M.Harris deyib ki, biz indi ilk dalğadayıq. Bu, qismən eniş-yoxuşu olan böyük bir dalğadır. Edə biləcəyimiz ən yaxşı şey isə yoluxmaların qarşısını almaqdır. İndiki halda birinci, ikinci, üçüncü dalğa kimi ifadalərin heç bir mənası yoxdur.

O, həmçinin qeyd edib ki, ÜST bütün ölkələri genişmiqya testləşdirmə aparmağa və onu əlçatan etməyə çağırır.