2200
14:04
31 İyul 2020

Qurban bayramının MAHİYYƏTİ

Bu gün müsəlmanlar Müqəddəs Qurban Bayramını qeyd edir. Qurbanlar kəsilir və ehtiyacı olanlara yardım olunur. Qurban bayramının əsas mahiyyəti nədir və insanlar nəyə əməl etməlidirlər?

Mövzu ilə bağlı Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev Lent.az -a danışıb.

O bildirib ki, İslam dinində iki mühüm bayram var ki, bunlardan biri Fitr (Ramazan), digəri isə Qurban bayramıdır:

"Qurban bayramı insanların yaddaşında kəsilən qurbanlarla qalır. Qurbanlığın təməl prinsipi Həzrəti İbrahimə (ə.s) dayanır.

Həzrəti İbrahimin Allaha olan səmimi təslimiyyətini ortaya qoyur. Sevimli oğlunu qurbangaha gətirib, Allah üçün qurban vermək niyyətində olması Allaha olan səmimi təslimiyyətin örnəyidir. Həzrəti İbrahimin oğlu İsmayıl bu təslimiyyəti səmimi şəkildə qəbul edir və hətta atasından gözlərinin bağlamasını istəyir. Bildiririr ki, gözlərin gözümə sataşar, qəlbində hansısa hisslər baş qaldırar və Allah qurbanını qəbul etməz, qurbanın ixlası aradan gedər. Burda mahiyyət ondan ibarətdir ki, həzrəti İbrahim Allah üçün öz sevimli oğlunu qurban verməyə hazır olur, öz istəklərini, nəfsini heç sayır. Həzrəti İsmayıl isə bu işə tam səmimiyyətlə hazır olduğunu ortaya qoyur. Bildiyiniz kimi, bu məqamda Allah tərəfindən kəsilməsi üçün qoç göndərilir və o zamandan bu günə kimi yaşayan ənənənin təməli qoyulur".

R.Qarayev qeyd edib ki, Rəbbimiz "Qurani-kərim"-də "sizin kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha çatmaz"-deyə buyurur.
Belə ki, Allaha çatan yalnız insanların təqvasıdır:"Yəni kəsilən qurbanın əsas mahiyyəti insanın Allahdan çəkinərək gözəl təqva sahibi olmasıdır ki, burda da Allahın bizdən istədiyi nəfsimizi tərbiyə etməkdir. Verdiyimiz qurbanla nəfsimizin istək və arzularının qarşısını almaqdır.

Allah rəsulu buyurur ki, Allah qatında günlərin ən əzəmətlisi Qurban günüdür. Həmin gün kəsilən qurbanların qanı yerə düşmədən insanların günahları bağışlanmış olur. Qurbanın hər tükünün sayına həmin şəxsə savab yazılır".

R.Qarayev Qurban bayramında yerinə yetirilənlərin çox mühüm ibadət olduğunu vurğulayıb:"Fəqirlərin, yoxsulların ehtiyacları təmin olunur, insanlar arasında sileyi rəhim bərpa olunur. Onlar arasında yaxınlaşma, bayramlaşma olur ki, bunlar hamısı gözəl əməllərdir.
Fürsətdən istifadə edərək, bütün millətimizi Qurban bayramı münasibətilə təbrik edirəm".