2182
11:18
27 İyul 2020

Yanlış SMS-lərin koronavirusun ümumi statistikasına təsiri yoxdur - RƏSMİ

“25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) APA -nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, yanlışlıq yalnız SMS-lərdə baş verib: “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədar olub. Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və “E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bu yanlışlığın ümumi statistikaya təsiri haqqında da iddialar yayılmışdı.