“Jurnalist qərəz də göstərə bilər...” – Hüquqşünasdan qalmaqallı açıqlama
22 iyul 2020 12:19 (UTC +04:00)

“Jurnalist qərəz də göstərə bilər...” – Hüquqşünasdan qalmaqallı açıqlama

Milli mətbuat günüdü.

 

Zərdabi öləndə Əhməd bəy Ağaoğlu deyir ki, o dünyada babalarımızın yaxasından tut, soruş, nə ölkədi bizə qoyub getmisiniz?..

 

İndi o vaxtdan da bir əsr keçib, hələ də ciddi fərq yoxdu, yaxasından tutmağa adam axtarırıq. Adam tapmayanda “adamsız jurnalistikamızı” tənqid edirik. 

 

Bir sıra peşə nümayəndələri işə qəbul olmaq üçün imtahan verirlər, amma bu, jurnalistlərə şamil edilmir.

 

Hesab edirəm ki, jurnalistlər özəl və dövlət qurumlarında işə qəbul olunanda "İnformasiya əldə etmə", "Məlumat azadlığı", “KİV haqqında” qanunlardan və ən əsası, ana dilindən imtahan versələr, pis olmaz. 

 

Jurnalistikaya çox nəsnələri yükləmişik, medianın azadlığı üçün əsas reklam bazarının olması, medainın iqtisadi azad olması labüddü. 

 

Reklam bazarı az, iqtisadi azadlıq isə yox səviyyəsindədi.

 

Bütün dünyada mediaya pulu kim verirsə, fikri də o formalaşdırır.

 

İqtisadi müstəqillik – düşüncə müstəqilliyinə şərait yaradır.

 

Ümumən ölkəmizdə anlayışlar yerində oturmadığına görə, jurnalistikada da bəzi problemlərin anlayışa bağlı olduğunu sezirik.

 

Məsələn, jurnalistləri yükləyirlər ki, jurnalist - obyektiv, tərəfsiz, qərəzsiz, vicdanlı  olmalıdı.

 

Əslində, bu frazalar özlüyündə sürüşkəndi. İkincisi, jurnalistin məsələyə, xəbərə baxışda obyektiv olması şərtdir. Ancaq o xəbərə yön verməkdə yaxın olduğu siyasi xəttə uyğun davranmasında problem yoxdu. Jurnalist tərəfsiz olmaya da bilər. Məsələn, Türkiyədə  AKP-nin və ya CHP-nin mətbu orqanı necə tərəfsiz olsun? Bu, bir siyasi xəttə bağlıdır. Öz xətti üçün işləməlidir. Yandaşlıq etməsi onun satqın olması demək deyil. 

 

Jurnalist qərəz də göstərə bilər, sadəcə, cəmiyyət elə səviyyədə olmalıdır ki, qərəzi aydınlaşdıra bilsin.

 

Jurnalist, əslində, yuxarıda sadaladıqlarımızdan daha çox, şəxsi məlumatlarla - ailə, bank və s. sirlərlə bağlı diqqətli olmalıdır. Hətta bu məsələnin özündə də dövlət məmuru ilə vətəndaş arasında fərq qoyula bilər. Məmurla daha tələbkar davranmaq, onun daha çox hesabatlı olmasını tələb etmək olar.

 

Jurnalist hətta opponentini provakasiyaya da çəkə bilər. Burada dözümlülük göstərən tərəf jurnalist yox, məmur olmalıdı.

 

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında deyildiyi kimi, ifadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından, onun tərəqqisi və hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil edir. 

 

Unutmamalıyıq ki, mətbuat yalnız qanunun aliliyi ilə idarə olunan dövlətdə aparıcı rol oynayır.

 

Jurnalistliyi həyata keçirmək üçün 3 meyara xüsusi diqqət ayrılmalıdır:

 

- Öz rəyində qalmaq azadlığı;

- Məlumat və ideyaları yaymaq azadlığı; 

- Məlumat və ideyaları almaq azadlığı.

 

Bu azadlıqlar sərbəst şəkildə, dövlət orqanlarının müdaxiləsi olmadan və dünya üzrə həyata keçirilməlidir. 

 

Unudun sovetdən qalma dəqiq, qərəzsiz, obyektiv və s. kimi nağılları. Jurnalistin  mövqeyi ola bilər. Mövqe - satqınlıq deyil... 

Siz yuxarıdakı 3 meyar barədə düşünün...

 

Bayramınız mübarək!

# 4561
avatar

Şamil Paşayev

Oxşar yazılar