Mülki əhaliyə hücum edən Ermənistan necə cəzalandırılmalıdır? - HÜQUQİ ŞƏRH
20 iyul 2020 16:17 (UTC +04:00)

Mülki əhaliyə hücum edən Ermənistan necə cəzalandırılmalıdır? - HÜQUQİ ŞƏRH

“Savaşda uğur qazanmaq üçün mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu dörddə birdir”.

Böyük sərkərdə Napoleonun bu sitatı əslində savaşın sakit dəhşətini anlamaq üçün yetir. Müharibə ilk baxışda mənəviyyatın, bütün fiziki və mənəvi sərhədlərin dağıdıldığı prosesdi. Amma qalib gəlmək üçün mənəviyyatlı olmaq, savaşın yazılmamış qanunlarına (indi həm də beynəlxalq səviyyədə yazılmış və razılaşdırılmış) əməl etmək mütləqdir və həlledicidir...

...Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi ərazi bütövlüyü prinsipidir. BMT və digər beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təəssüf ki, bu diplomatik dəstək Ermənistana əməli təzyiqə keçmədiyi üçün işğalçı ölkə davamlı olaraq Azərbaycan ərazilərində təxribat və terror törətməyə davam edir. Və bu terror hadisələrində əsas hədəf Azərbaycan Ordusu ilə yanaşı, mülki əhali və onların şəxsi təsərrüfatı olur.

Bu il iyulun 12-də növbəti dəfə Azərbaycanın DÖVLƏT SƏRHƏDİNİ pozan Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınarkən 12 hərbçi şəhid oldu, yaralılar var. Ermənilər təkcə hərbçilərə qarşı deyil, mülki əhaliyə də savaş açdılar. Erməni terroru nəticəsində Tovuz rayonu Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu öldürülüb. Qeyd edək ki, bu, ermənilərin mülki əhaliyə qarşı ilk hücumu deyil. 1992-ci ildə törədilmiş, bütöv bir qəsəbədə dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımından sonra da mülki əhaliyə qarşı amansızlıqlar davam edib. Atəşkəs sazişi imzalanandan sonra yüzlərlə mülki şəxs qətlə yetirilib və yaralanıb. 2017-ci ilə qədər olan statistikaya görə, atəşkəsdən sonra 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si ağır yaralanıb. 2011-ci ildə Ağdam rayon sakini, 9 yaşlı Fariz Bədəlovun həyətlərində oynayanda ermənilər tərəfindən qətlə yetirilməsi, 2017-ci ildə isə Füzuli rayonu ərazisində nənəsi Sahibə Quliyeva ilə birlikdə 2 yaşlı Zəhra ermənilərin atəşi nəticəsində öldürülməsi dünya mediasının da gündəmində olub.

12-15 iyul tarixlərində isə Tovuz rayonunda 76 yaşlı sakin evində, süfrə arxasında işğalçının gülləsi ilə qətlə yetirilib, rayonun Vahidli, Yuxarı Öysüzlü, Ağdam kəndlərinin ərazisində 2 evə, həyətyanı sahələrə, əkin yerlərinə mərmi düşüb, dağıntılar olub. Kəndlərin mərkəzi yollarına düşən mərmilərin isə sayı-hesabı yoxdur. Ermənilər iriçaplı silahlardan bir neçə saat fasiləsiz olaraq kəndləri atəş altında saxlayır. Mərkəzi kommunikasiya xətlərini sıradan çıxarır, kəndləri elektrik enerjisiz qoyur.

Ermənistan-Azərbaycan münaqişəsi zamanı azərbaycanlıların erməni mülki əhalisinə hücum etməsi faktı qeydə alınmayıb. Ermənistanın hüquqi tanınmış ərazilərinə Azərbaycan tərəfinin heç bir hücumu və müdaxiləsi olmayıb.

Mülki əhalinin hücuma məruz qalması 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. Hansı ki, Ermənistan da bu konvensiyanı ratifikasiya edib. Konvensiyanın məzmununa görə, Azərbaycan da, Ermənistan da ehtimal olunan münaqişə zamanı heç bir halda “combatant” (mübarizə aparan) olmayan, mülki əhalini hədəf almamaq və onların müdafiəsini təşkil etmək öhdəliyini qəbul edib.

Konvensiyanın tələbinə əsasən, müharibələr zamanı mülki obyektləri və əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur. Mülki əhali və obyektləri hədəf almaq beynəlxalq humanitar hüquqa, yəni 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə edilmiş 1-ci protokolun 52-ci maddəsinin 1-ci bəndinə görə qadağandır.

Humanitar hüquq müharibəni qadağan etmir, ancaq onu qaydalara və normalara salır.

Beynəlxalq humanitar hüquq-müharibədə daha çox insanı qoruma, istifadə olunan müharibə üsul və  vasitələrini məhdudlaşdıran, şəxslərin hüquqlarının qorunmasını təmin edən normalar məcmusudur. Yəni, müharibənin səbəb olduğu ağrıları azaltmaq, zərərçəkənləri, mülki əhalini, yaralı hərbçiləri qoruma və yardım etməkdi. Beynəlxalq humanitar hüquqa görə, müharibədə iştirak etməyənə qarşı silah işlədilməsi qadağandır.

Beynəlxalq humanitar hüquq mülki əhaliyə, (I Protokol m. 51/2 ve m.52; II protokol m. 13) ibadət yerlərinə hücumu (I Protokol m. 53; II Protokol m. 16) və mülki əhalini əsir və girov almağı (I Protokol m. 75;  Protokol m. 4/2b) terror kimi qiymətləndirir. Yəni, beynəlxalq hüquq və sənədlərə görə, ermənilərin etdikləri terrordur.

Cenevrə Konvensiyasının 52-ci maddəsində tərəflərdən birinin xahişi ilə pozuntularla bağlı istintaq başlanılmalı olduğu qeyd edilir.

İstintaq proseduru ilə razılaşma olmadıqda tərəflər məsələni həll edəcək münsif seçir. Pozuntu müəyyən edilən kimi münaqişə tərəfləri ona son qoymalı və buna səbəb olanları cəzalandırmalıdırlar.

Konvensiyanın tələbinə görə, qəsdən adam öldürmə, qeyri-qanuni amansız dağıntılar törətmə və əmlakın ələ keçirilməsi, işgəncə və qeyri-insani rəftar ciddi pozuntu hesab edilir.

Hazırda yerli prokurorluq iyulun 12-15-də baş verənlərlə bağlı cinayət işi başlayaraq istintaq aparır və beynəlxalq axtarışa vermə ilə mülki əhaliyə hücum edənlərin cəzalandırılmasını tələb edə bilər.

Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası altında olan Azərbaycan və Ermənistan üçün məhkəmənin bu sahədə tətbiq etdiyi yanaşma beynəlxalq humanitar hüquq qaydaları haqqında danışmağın əhəmiyyətini azaltmır. Məhkəmə istər daxili, istərsə beynəlxalq hərbi konfliktlərdə ölkələrin hərbi əməliyyatlarına beynəlxalq humanitar hüquq qaydalarını insan hüquqları ilə birgə tətbiq edir. Avropa Konvensiyanın 15-ci maddəsi də tərəf dövlətləri müharibə zamanı Konvensiyanın bəzi müddəalarından geri çəkilməsi, dövlətlərin beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə beynəlxalq humanitar hüquqa da zidd olmamaq şərti ilə icazə verir.

Bundan başqa, Avropa Məhkəməsi əsasən daxili münaqişələrlə bağlı qərar qəbul etsə də, oxşar işlərdə konvensiyanın 15-ci və 2-ci maddələri (yaşamaq hüququnu pozma) qiymətləndirə bilər.

...Qədim yunan filosofları müharibəni iki yerə ayırırdılar: ədalətli və işğalçı müharibə. Biz işğalçı dövlətin təhriki ilə zorla müharibəyə cəlb edilmişik. İşğalçının isə heç bir mənəvi səddi olmur...

Şamil Paşayev

Hüquqşünas

# 3301
avatar

Oxşar yazılar