Əmisini qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR: polis imiş - YENİLƏNİB
13 iyul 2020 12:16 (UTC +04:00)

Əmisini qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR: polis imiş - YENİLƏNİB

İyulun 12-də saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Gədəbəy rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Arzu İsgəndərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

Saat: 12:16

Gədəbəydə əmisini qətlə yetirən şəxsin polis əməkdaşı olduğu məlum olub. 

APA-nın əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, A. İsgəndərov sabiq polis əməkdaşıdır: "Arzu İsgəndərov əvvəl polis olub, hazırda o polis əməkdaşı deyil". 

Qeyd edək ki, ötən gün A.İsgəndərov torpaq üstündə əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib, S.İsgəndərova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən A. İsgəndərov saxlanılıb. 

# 2971
avatar

Mehman Nəbiyev

Oxşar yazılar