Ermənistanda pandemiya xaosu: ölkə iflic durumda, 70 nəfərdən biri virusa yoluxub!
30 iyun 2020 15:29 (UTC +04:00)

Ermənistanda pandemiya xaosu: ölkə iflic durumda, 70 nəfərdən biri virusa yoluxub!

Bu günün statistikasıdır: Ermənistanda yoluxanların ümumi sayı 25 542 nəfərə çatıb. Yerli KİV yayıb xəbəri.

Ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi isə həyəcan təbili çalır. Bir gündə rekord həddə, 736 yeni yoluxma.

Bu rəqəmlər sizə adi gəlməsin. Hər bir rəqəmin arxasında pandemiyanın bu ölkədə yaratdığı dəhşətli vəziyyət durur. Bilirsinizmi, bu rəqəmlər əslində nəyi əks etdirir? Çox sadə bir hesablama apardıq; bu gün Ermənistanda yaşayan hər 70 adamdan biri artıq koronavirusa yoluxub. Və bu artım sürətlə davam edir.

 Bir qədər əvvəl isə başqa bir xəbər yayıldı. Ermənistanın “Mari İzmiryan” uşaq evində 9 uşaq və 6 dayə koronavirusa yoluxublar.

Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində bildirib ki, ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqları çatışmazlığı yaşanır. Pandemiyanın sürətlə yayıldığı bu mərhələdə ən sadə tibbi ləvazimat olan test çubuqlarının olmaması diqqətə alınarsa, xəstəliyə qarşı daha səmərəli mübarizə aparmaq üçün müasir tibbi avadanlıqlarla bağlı vəziyyəti təsəvvür etmək mümkündür. Test edilənlərin sayı çoxalsa, bu ölkədə koronavrusa yoluxanların sayını özünüz təsəvvür edin. Bu say həmin vaxt on minlərlə ölçüləcək.

Amma artıq indidən heç kimə sirr deyil ki, pandemiya ilə döyüşdə Ermənistan acı məğlubiyyətə uğrayıb. Xarici KİV-in yazdığına görə, pandemiya Ermənistanda mövcud olan bir çox problemləri daha da ağırlaşdırdı. Siyasətdə və iqtisadiyyatda yol verilən səhvlər əhalini acınacaqlı duruma salıb. Xarici mətbuatın təhlilinə görə, Ermənistanda koronavirusla mübarizənin əsas çatışmazlıqları 2018-ci ilin “məxməri inqilab”ından sonra dəfələrlə ortaya çıxan eyni problemlərə aid idi: fors-major vəziyyətə yeni kadrların hazır olmaması və təcrübəsizlik, bəzi dövlət orqanlarının iflic vəziyyətdə olması, ölkədəki böhranın və daxili siyasi problemlərin həll olunmaması vəziyyəti daha da qəlizləşdirdi.

Digər tərəfdən, başı siyasi savaşa qarışan hakimiyyətin və cəmiyyətin pandemiyaya qarşı mübarizə aparmağa vaxtı olmadı. Bir sözlə, Ermənistanın siyasi sistemi “koronavirus rejimi”nə keçə bilmədi. Baş nazir Paşinyan belə etiraf etdi ki, yoluxma sayına görə, Ermənistan dünyanın lider dövlətlərindən biridir. Ermənistanda yayılan bütün son hesabatlar göstərir ki, mövcud hökumət artan karonavirus infeksiyası ilə nə edəcəyini bilmir. Ölkədə həkimlər, xüsusən tibb bacıları, xəstəxanalarda yerlər, çarpayılar, havalandırıcılar, maskalar və həyati vacib olan heç nə yoxdur. Belə olan halda ölkəni nə gözlədiyini hər bir Ermənistan vətəndaşı, eləcə də hamı çox yaxşı başa düşür. Başa düşür ki, pandemiya Ermənistanın mövcudluğunun sonu ola bilər.

Ermənistan iqtisadiyyatının çökməsini isə ən yüksək səviyyədə etiraf edildi. Məlum oldu ki, iqtisadi aktivlik göstəriciləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalıb. Müxtəlif beynəlxalq qurumlar və beyin mərkəzləri ÜDM-nin 4,4 faizə qədər azalacağını proqnozlaşdırırlar.

Kiçik, heç bir iqtisadiyyatı olmayan ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir. Və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiqat artacaq, yəni 1 milyard 400 milyon dollar olacaq.

Baş nazir Paşinyan isə problemi həll etmək əvəzinə populist bəyanatlarla çıxış etməyə başladı. Pandemiyaya məğlub olan Paşinyan hökuməti müxalifətin sərt tənqidi ilə üzləşdi. Nəticədə ölkədə siyasi böhran yarandı. Ölkədə siyasi opponentlərə, müstəqil media, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlərə edildi. Əks tərəf isə hakim ailəyə qarşı korrupsiya və digər qanun pozuntuları ilə bağlı ittihamlar irəli sürdü. Bir yandan pandemiya, bir yandan da qarşısıalınmaz görünən siyasi xaos Ermənistan adlı dövlətini iflic və idarə olunmaz vəziyyətə gətirib.

 

Azərbaycan və Ermənistanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri arasındakı kəskin fərqlər görməmək isə siyasi korafəhmlikdi. Pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün atılan addımlar, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsini Ermənistanla müqayisə etməkmi olar?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsi isə Ermənistanın iç üzünü bu dəfə dünya dövlətləri qarşısında açdı. XİN sözçüsü Leyla Abdullayevanın dediyi kimi, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. “Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi”.

# 2518
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar