823
09:55
30 İyun 2020

Azərbaycanda psixoaktiv maddələrdən asılı olanlarla bağlı ƏSAS AMİLLƏR

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü Azərbaycan Televiziyasına müsahibə verib.

Lent.az xəbər verir ki, AzTV-nin “Hədəf” verilişinin qonağı olan Z.Əliyev tamaşaçılara Respublika Narkoloji Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Zamin Əliyevin sözlərinə görə, müasir tibbi dildə “narkomaniya” yerinə “psixoaktiv maddələrdən (PAM) asılılıq” ifadəsini işlətmək daha məqsədəuyğun hesab olunur. RNM-in təmsilçisi, həmçinin, psixoaktiv maddələrin nə olduğunu açıqlayıb. Onun sözlərinə görə,
PAM-lar insanın mərkəzi sinir sisteminə spesifik təsir göstərən təbii və süni mənşəli maddələrdir.
Psixoaktiv maddələrin əsas xüsusiyyəti onlardan sui-istifadənin nəticəsində asılılığın yaranmasını qeyd edən Zamin doktor psixi və fiziki asılılığın narkomaniyanın əsas amillərindən biri olduğunu vurğulayıb.
Veriliş zamanı ölkəmizdə narkoloji yardımın harada və necə əldə etmək haqqında da məlumat verilib. RNM-in şöbə müdirinin sözlərinə görə, psixoaktiv maddələrdən asılı olan xəstələrə tibbi yardım ixtisaslaşdırılmış narkoloji tibb müəssələrində təqdim olunur. Belə ki, 350 çarpayılıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzində PAM istifadəçilərinə tibbi yardımın göstərilməsi haqda məlumat verilib. Zamin Əliyev xəstələrin qəbulunun həm konüllü, həm də məhkəmənin qərarı əsasında məcburi şəkildə həyata keçirildiyini vurğulayıb. “Mərkəzimizdə qadın şöbəsi, ixtisaslaşdırılmış şöbə və digər şöbələr fəaliyyət göstərir. Bundan əlavə, RNM-də “Metadonla Əvəzedici Müalicə” adlı proqramı da təqbiq edilir, onun çərçivəsində 568 nəfər xəstə müalicə alır” – deyə, Zamin doktor qeyd edib.
Şöbə müdiri Respublikamızda 32921 nəfər PAM-ın qəbuledicisinin mövcud olduğunu deyib:"Onlardan 641 nəfər qadındır. Yaş qruplarına əsasən 30-40 yaşlılar daha çox PAM-dan asılı olanlardır”. Zamin Əliyev gənclər arasında da 15-17 yaş arasında qeydiyyatda olanların sayının çox olmaslndan narahatlığını ifadə edib:" Psixoaktiv maddələrdən asılı olanların şəxsi təbliğatı, ətrafdakıların bu haqda məlumatsızlığı onların potensial PAM qəbuledicisinə çevrilməsinə səbəb ola bilər. Bu baxımdan gəncləri və ümumiyyətlə, əhalini maarifləndirmək məqsədilə tədris və digər müəssisələrdə mütəmadi olaraq tədbirlər keçirilməli, PAM-ların tibbi-sosial ziyanından danışılmalı, video-çarxlar nümayiş olunmalıdlr".