3163
09:45
23 İyun 2020

200 çarpayılıq yeni xəstəxana açıldı - Baş həkim danışır - FOTO

Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verilib.

Lent.az xəbər verir ki, 200 çarpayılıq 5 mərtəbədən ibarət olan Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir. Binanın qalan 4 mərtəbəsi xəstələr üçün nəzərdə tutulub. Bu barədə məlumatı Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva verib:

“Bildiyiniz kimi, Azərbaycan Səhiyyəsinin inkişafı və yenilənməsi dövlət siyasətimizin ən vacib preoritetlərindən biridir. Gəncədə inşa olunmuş belə müasir və bütün lazımi avadanlıqlarla təhciz olunmuş Psixiatriya xəstəxanasının açılışı da bunun bariz nümunələrindən biridir. Əsas odur ki, xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir”.

Elmira Mirzəyevanın dediyinə görə, Psixiatriya xəstəxanasının işçi heyəti hazırda 175 nəfərdir. Onlardan 6 nəfər həkim, 25 nəfər orta tibb heyəti, 8-i idarəetmə aparatının işçiləri, 27 nəfər təsərrüfat işçiləri, 4-ü təsərrüfat bacısı, 105 nəfər isə kiçik tibb işçiləridir.

Baş həkim bundan əlavə, qeyd edib ki, yeni xəstəxanada saxlanma şəraiti ilə bağlı palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi nəzarət olunur. O, Səhiyyə Nazirliyi, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) və BMT-nin aidiyyəti qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirlərinin həyata keçirilməsini xüsusi vurğulayıb.

Bundan başqa, Elmira Mirzəyeva rəhbərlik etdiyi yeni xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün olduqca təsirli olan art terapiyanın tətbiq olunması haqqında məlumat verib. Onun sözlərinə görə, xəstələr xüsusi ayrılmış otaqlarda tikiş, musiqi, toxuma və rəsmlə məşğul olurlar və bu məşğuliyyət onların sağalmasına çox müsbət təsir göstərir:

“Xəstələrimiz onlara ayrılmış reabilitasiya otaqlarında bacarıqlarına uyğun işlərə cəlb olunurlar. Belə ki, binanın həyətində şahmat oynamaq üçün xüsusi yer ayrılıb. Xəstəxanaya gələn qonaqlar xəstələrimizin əl işlərini çox bəyənir. Gələcəkdə hətta bu əl işlərindən ibarət olan sərginin də keçirilməsini nəzərdə tuturuq”.