15:44
22 İyun 2020

Yay aylarında hansı şirniyyatları yemək olar? – Dietoloq danışır

Qızmar yay günlərində bir çox qidalar da səhhətimizə əks təsir göstərə bilər. Kimi düzgün qidalanmamaq səbəbindən kökəlmə, kimi iştahasızlıq, kimi də qida zəhərlənməsi kimi hallarla üzləşir. Amma kəskin isti havalarda qidalanmaya daha çox diqqət yetirilməli və bəzi qaydalar unudulmamalıdır.

Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür.

Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bu mövsümdə diqqət yetirməli olduğumuz ən vacib məsələ də gündəlik qəbul etdiyimiz şirniyyatlardır. Belə ki, bəzi insanlar şirniyyatlardan vaz keçə bilmir. Amma unutmaq olmaz ki, qidaların mövsümə görə qəbulu fərqlidir.

Bəs şirniyyat nə qədər qəbul edək? Hansı şirniyyatları yemək lazımdır?

Lent.az -ın əməkdaşı mövzu ilə bağlı dietoloq Nigar Nəcəfbəyova ilə əlaqə saxlayıb. Suallarımızı cavablandıran dietoloq bildirib ki, yay aylarında insanlar daha çox sərin məhsullar qəbul etmək istəyirlər. Şirniyyat seçimində də buna diqqət etmək vacibdir:

“Yay aylarında hər kəsə məlumdur ki daha çox dondurma, yüngül tərkibli şirniyyatlar , müxtəlif sərinləşdirici içkilər və meyvələr qəbul olunur. Çalışın şirniyyat əvəzi meyvə qəbul edin. Məlumdur ki, meyvələrin tərkibində şəkər mövcuddur və şirniyyat ehtiyacımızı qarşılaya bilər. Yox, əgər şirniyyat qəbul etmədən bacara bilmirsinizsə, mənim tövsiyəm odur ki, çalışın ev şəraitində hazırladığınız şirniyyatlardan qəbul edin. Alınma şirniyyatlardan fərqli olaraq, ev şəraitində hazırladığımız şirniyyatların tərkibi daha az şəkərli və zərərsiz olur.

Məsələn, ev şəraitində müxtəlif tərkibli dondurmalar hazırlaya bilərsiniz. Deməli, istənilən giləmeyvə və ya meyvələri blenderdən keçirib, bitki südü əlavə etməklə, xüsusi qablaşdırmada çox asan şəkildə dondurma hazırlamaq mümkündür.

Eləcə də ev şəraitində kəsmik və qurumeyvə və ya adi meyvələrdən şirniyyat hazırlaya bilərsiniz; sağlam tərkibli sərinləşdirici puddinqlər hazırlaya bilərsiniz”.

Elə bir “puddinq” reseptini dietoloq özü verir:

“1 st kokos südünə ( istənilən bitki mənşəli süd) 2 xörək qaşığı çia toxumları əlavə edirik və bir neçə saatlıq soyuducuya yerləşdiririk. Puddinq hazır olduqda üzərini istənilən meyvə, giləmeyvə, kakao, meyvə cemi yaxud da istənilən məhsulla bəzəyə bilərsiniz”.

Nigar Nəcəfbəyova deyir ki, çalışın şirniyyatı ac olarkən qəbul etməyin:

“Əgər şirniyyatı səhər saatlarında qəbul edirsinizsə, yalnız səhər yeməyindən sonra yeyin. Meyvə və şirniyyat qəbul etmənin ən uyğun saatları 16:00-17:00 arasıdır. Bu saatlarda fizioloji olaraq hər bir insanda ən intensiv insulinin qalxan vaxtıdır və o zaman insanda şəkərin düşməsi müşahidə olunur. Bu səbəbdən halsızlıq yarana bilər. İnsulin mədə altı ifraz olunan hormondur. Məhz bu saatlarda şirniyyat və ya meyvə qəbul etməniz tövsiyə olunur”.

Sonda onu da qeyd edək ki, xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olun. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamayın. Eləcə də şirniyyatlara. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirin.

Dİgər xəbərlər