11:55
19 İyun 2020

“Neftçi” tarixində antirekord

Azərbaycanın ən titullu klubu “Neftçi” 2019/20 mövsümündə də çempionluq həsrətinə son qoya bilməyib.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə hazırkı turnir cədvəlinin yekun kimi tanınmasından sonra Bakı təmsilçisinin qızıl medal arzusu ən azı daha bir il təxirə düşüb.

Bu isə o deməkdir ki, “ağ-qaralar”ın həsrəti ən azı 8 il sürəcək. Sonuncu dəfə 2012/13 mövsümündə qızıl medallara yiyələnən “Neftçi” ən yaxşı halda 2020/21 mövsümündə həsrətə son qoya bilər. Təbii ki, hələ bu da sual altındadır.

8 illik çempionluq həsrəti isə “Neftçi”nin tarixində yeni antirekorddur. Bakılılar indiyədək heç vaxt qızıl medalı 7 ildən artıq gözləməyib.

Bu da 2003/04 mövsümündəki çempionluqla rəsmiləşib. Paytaxt klubu 1996/97 mövsümündən sonra ilk zəfərini 7 ildən sonra bayram edib.

Ümumiyyətlə, “Neftçi”nin çempionluqlar arasında 4-cü həsrətidir. 1992-ci ildəki ilk uğurdan sonra azarkeşləri 4 il nailiyyət həsrətində qalıb.

1995/96 və 1996/97 mövsümlərindəki ardıcıl qızıl medallardan sonra isə 7 illik gözləmə dövrü başlayıb. 2003/04 və 2004/05 mövsümlərində çempionatın qalibi olan komanda son uğurlu dönəmin xiffətini 6 il çəkib.

2010/11, 2011/12 və 2012/13 mövsümlərindəki çempionluqlar isə klub tarixində sonuncudur. Azarkeşlər hələ də sevimli komandadan uğur gözləməkdədir.

Dİgər xəbərlər