3655
17:41
11 İyun 2020

Hərarəti 37.5 C-dən yuxarı olan şəxslər bu əraziyə buraxılmayacaq


Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarına, sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət olunurlar) şəxslərin daxil olmasına icazə verilir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.

- Sərnişinlər yalnız tibbi maskalarla aerovağzal kompleksinə buraxılırlar. Tibbi maskası olmayan sərnişinlərə girişdə maskalar təqdim edilərək, aerovağzal kompleksinin ərazisində olduqları bütün vaxt ərzində maskadan istifadə etmək öhdəliyi izah olunur.

Aerovağzal kompleksinə girişdə müvafiq avadanlıq (termal kamera sistemləri) vasitəsilə şəxslərin hərarəti ölçülür. Bu məqsədlə termal kameranın yanında təlim keçmiş, tibbi maskası, əlcəyi və eynəyi olan ən azı 2 tibb işçisi fəaliyyət göstərir.

- Hərarəti 37.5 C-dən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə, xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.

-Sərnişinlər aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçərkən aviasiya təhlükəsizliyi əməkdaşları xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.

-Aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçdikdən sonra sərnişinlərin əlləri dezinfeksiya olunur.