"Komandası birinci yerdə gedən məşqçini saxlamamaq ağılsızlıqdır" - Kamal Quliyev
10 iyun 2020 13:19 (UTC +04:00)

"Komandası birinci yerdə gedən məşqçini saxlamamaq ağılsızlıqdır" - Kamal Quliyev

“İşsiz qalmağın necə ağır olduğunu ancaq yaşayanlar bilər. Xüsusən də, indiki dövrdə məşqçilərin sevimli peşəsindən uzaq düşmələri çox çətindir”.

Bunu apasport.az saytına “Neftçi” Futbol Akademiyasının sabiq baş seleksiyaçısı Kamal Quliyev bu klubun aşağı yaş qrupu üzrə komandaların 5 məşqçisi ilə yollarını ayırmasına münasibət bildirərkən deyib.

44 yaşlı mütəxəssis “Neftçi” akademiyasında tez-tez aparılan islahatların yeni istedadların üzə çıxmasına mane olduğunu düşünür: “Neftçi”dən çıxan məşqçilərdən bəziləri mənim vaxtımda da orada idi. Bəziləri isə sonradan gəlib. Ümumiyyətlə, akademiyada tez-tez məşqçi dəyişməklə heç nə əldə edə bilməzsən. Tərlan Əhmədov əsas komandanın baş məşqçisi olduğu dövrdə də belə bir hal yaşanmışdı. Bu ondan xəbər verir ki, klubun fəlsəfəsi, strategiyası hələ yoxdur”.

Quliyev koronavirus pandemiyası səbəbindən başa çatdırılan U-14 liqasında çempionata başçılıq edən “Neftçi”nin məşqçisi Ədəhim Niftəliyevin göndəriləsini isə ağılsızlıq kimi qələmə verib: “Hamı komandasının çempion olmasını istəyər. Komandası birinci yerdə gedən məşqçini saxlamamaq ağılsızlıqdır, klubu idarə edən şəxslərin zəifliyidir. Digər ölkələrdə futbolçular böyük yaş qrupuna keçid etdikdə məşqçi heyəti də onlarla birlikdə yüksəlir. Sadəcə, proqram, məşq prosesi dəyişir. Onlar məşqçi və futbolçu heyətini əsas komandanın qapısına qədər gətirirlər. Belə də olmalıdır. Yoxsa 3-5 ay işlədikdən sonra “xoşum gəlmədi, göndərirəm” deməklə inkişaf olmur”.

Qeyd edək ki, “Neftçi” rəhbərliyi akademiyanın müqaviləsi başa çatan 5 məşqçisi Elnur İmamquliyev (U-15), Ceyhun Əhmədov (U-10), Ceyhun Rzayev (U-19), Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədovla əməkdaşlığa son qoyub.

# 3271
avatar

Oxşar yazılar