Amerikalı aktyor Bred Pitt yeddi illik fasilədən sonra yenidən spirtli içki qəbul etməyə başladığını açıqlayıb.
Lent.az xəbər verir ki, 62 yaşlı Hollivud ulduzu bu barədə “Esquire” jurnalına müsahibəsində danışıb.
Aktyor uzun müddət alkoqoldan tamamilə uzaq qaldıqdan sonra yenidən içməyə başladığını gizlətməyib. Bununla belə, Pitt əvvəlki həyat tərzinə qayıtmaq niyyətində olmadığını və hazırda qəbul etdiyi spirtli içkinin miqdarına ciddi nəzarət etdiyini bildirib.
“Mən yeddi il içmədim, sonra yenidən başladım. Amma indi daha təmkinliyəm. Bir neçə dəfə həddimi düzgün qiymətləndirmədim və sonra anladım ki, bu mənə yaxşı təsir etmir. Yalnız az miqdarda”, – Bred Pitt deyib.
Aktyor hazırda bir neçə qədəh şərab içə bildiyini, lakin sərxoşluq həddinə çatmamağa çalışdığını söyləyib. Onun sözlərinə görə, əsas məqsədi vəziyyətə nəzarəti itirməmək və peşəkar həyatına təsir göstərəcək həddə çatmamaqdır.
Qeyd edək ki, Bred Pittin alkoqolla bağlı problemləri uzun illər əvvəl də gündəmə gəlib. Aktyor 2017-ci ildə verdiyi müsahibədə uzun müddət spirtli içki və marixuanadan istifadə etdiyini etiraf edib.