3046
16:09
05 İyun 2020

"Ən böyük arzularımdan biri odur ki..." - 11 uşaq anası Prezidentə yazdı

Azərbaycan hökumətinin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər pandemiya qarşısında aciz olmadığımızı və həmrəyliyimizi nümayiş etdirdi. Həmçinin görülən işlər dövlət başçısının ölkə vətəndaşının sağlamlığını hər şeydən üstün tutduğunu bir daha sübut etdi. Məhz prezidentin bu cür qayğıkeş münasibətlə verdiyi göstərişlər əhali tərəfindən böyük sevinclə qarşılanıb. Bunun nəticəsidir ki, hər gün respublikanın müxtəlif bölgələrindən müxtəlif yaşlarda vətəndaşlardan prezidentə təşəkkür məktubları gəlir. Belə məktublardan birini Zərdab rayonundan olan qəhrəman ana Cahan Xəlilova yazıb.

Lent.az həmin məktubu oxuculara təqdim edir:

“Möhtərəm Prezident!

Mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbiçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram.

Siz bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq.

Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev, Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl ölkəyə çevirən isə Sizsiniz. Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz.

Allah Sizi qorusun!”.