2002
12:35
05 İyun 2020

Buraxılış imtahanına getməyəcək şagirdlərin NƏZƏRİNƏ

9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabr ayında yenidən imtahanlar təşkil olunacaq.

Bu barədə Lent.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10 və 11-dən etibarən hər həftə içi günlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək, 9-cu sinif şagirdləri isə istəkləri olduğu təqdirdə 10-cu sinfə keçiriləcək.

Lakin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.