"Bir sual, bir cavab" - Danışıqlarımızı izləyənlər necə cəzalandırılır?
04 iyun 2020 19:30 (UTC +04:00)

"Bir sual, bir cavab" - Danışıqlarımızı izləyənlər necə cəzalandırılır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünkü mövzu sosial şəbəkələrdə yazışmaların və ya telefon danışıqlarının izlənilməsi ilə bağlıdır.

Bəzən şəxslərin danışıqlarını və sosial şəbəkə hesablarını qıraraq paylaşımların izlənilməsi xidmətini göstərən reklamlarla rastlaşırıq. Bu barədə rubrikamızın “İnsanların şəxsi danışıqlarını, sirlərini ələ keçirənlərə hansı cəza nəzərdə tutulub?” sualına tanınmış hüquqşünas Kamandar Nəsibov aydınlıq gətirib. Onun sözlərinə görə, sözügedən cinayət əməli haqqında müddəalar Cinayət Məcəlləsinin 156-cı maddəsində əks olunub:

“Danışıqların izlənilməsi şəxsi həyata müdaxilə hesab olunur. Qanunsuz izləmə və ya dinləmədə də cinayət məsuliyyət var. Ancaq onu müəyyən etmək olmur. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin işçilərinə də həmin maddə irəli sürülmüşdü. Bu isə əldə olunan materialların, foto, video, səs yazılarının və.s yayılması zamanı cinayət əməli olur. Bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsində bir neçə bənd var. Birinci bənddə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması əks olunur. Bu maddəyə əsasən, yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəza tətbiq olunur.

İkinci bənddə isə eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əksər hallarda şəxsi danışıqları izləyənlər əldə olunan materiallardan istifadə edərək, şantaja əl atırlar. Bu da 156-cı maddə əsasında törədilən ən ağır cinayət əməli sayıla bilər. Şantaj, yəni, hədə-qorxu ilə tələb etmə barədə Cinayət Məcəlləsinin 182-ci maddəsində əks olunub. Həmin maddənin isə müxtəlif ağırlaşdırıcı halları var. Ən ağır halda 182.3.4-cü maddəsinə əsasən, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

# 3349
avatar

Mehman Nəbiyev

Oxşar yazılar