13171
12:40
31 May 2020

Rayon taksiləri icazə üçün bu qədər rüsum ödəməlidir - RƏSMİ

“Fərqlənmə nişanının dövlət rüsumu Bakı üzrə 18, digər iri şəhərlər üzrə isə 9 manatdır”.

Bu sözləri rayonlararası sərnişindaşımalar üçün fərqlənmə nişanlarının verilməsindən Lent.az -a danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, fərqlənmə nişanı alan sürücülər postlardan məhdudiyyətsiz keçə biləcəklər:

“Bildiyiniz kimi, DANX-ın respublika üzrə 11 regional şöbəsi var. Bir şöbə bir neçə rayonu əhatə edir. Məsələn, Şəki regional şöbəsi üçün Balakən, Qax, Zaqatala üçün taksilərin sərnişindaşımasına icazə verilir. Şəhərlərarası səfərlərdə isə Operativ Qərargahın qərarına əsasən, iyunun 15-dək avtobuslar işləmir. Ancaq biz taksilərə yaxın bölgələr üçün fərqlənmə nişanı vermək səlahiyyətindəyik. Ona görə də taksi fəaliyyəti ilə məşğul olan şəxslər regional şöbələrdən hansına müraciət etsələr 1, 1.5 və 2 əmsalı üzrə ona fərqlənmə nişanı verilir. Həmin avtomobillərin üzərində taksi işarəsi və salonda sürücü ilə şəffaf arakəsmə olmalıdır. Bu zaman postlardan məhdudiyyət olmadan keçə bilirlər.

Bu mexanizm Operativ Qərargahın sərnişindaşımada məhdudiyyətlərlə bağlı verdiyi qərardan sonra tətbiq olunmağa başlayıb. Fərqlənmə nişanı ilə fəaliyyət göstərən taksilər artıq xidmətə başlayıblar. Nişanların qiyməti dəyişməz olaraq qalıb. Fərqlənmə nişanı vergi öhdəliyi yaradır. Nişanın dövlət rüsumu Bakı üzrə 18, digər iri şəhərlər üzrə isə 9 manatdır”.

Nuridə Allahyarova bəzi sürücülərin fərqlənmə nişanının qiyməti barədə şikayətlərinə də aydınlıq gətirib:

“Ancaq bəzən sürücülər şikayət edir ki, fərqlənmə nişanı 9 manat olduğu təqdirdə daha çox pul ödədim. Bildirmək istəyirik ki, reysqabağı tibbi və texniki müayinələrin də rüsumu var. Bunlar da təbii ki, fərqlənmə nişanı rüsumunun üzərinə gəlir”.