27850
15:25
28 May 2020

Dörd dəfə basdırılan milyonçu, imperatordan orden, iki banka kürü- Səbuhi Məmmədli yazır

"Babamın İsveçrə banklarında 413 milyon pulu qalıb. Bu barədə Sonradan atam arxivlərdən babamın öz əliylə yazdığı və qolu olan sənəd də əldə etmişdi. Hə, hə, məhz 413 milyon qızıl pulu olduğunu şəxsən qeyd etmişdi".

Bunu Dilarə xanım deyir. Azərbaycanlı milyonçunun yeganə varisi. Amma o pulları almaq indi qeyri-mümkündür. Çünki həmin banklar xüsusi kod istəyir. Kod isə… yoxdur.

(Əvvəli burada https://lent.az/news/354360)

Onlar ailədə 4 qardaş olublar: Ağa Musa, Ağayusif, Ağaəli və Zərbalı. Ağamusa 11 yaşındaykən hər gün Biləcəridən Bakı limanına qədər ayaqyalın yol gedərmiş. Limanda yük daşıyarmış. Bir pud, təxminən 16 kiloqram ağırlığında yükün birini limanda 3 qəpiyə ora –bara apararmış. Hər gün isə bir yükün pulunu dala atarmış. Elə həmin 3 qəpiklərdən yığılan pula isə özünə torpaq alıb ev tikmək niyyətindəymiş. Həmin torpaqda əvvəlcə su quyusu qazdırmaq istəyir. Amma… Amma su əvəzinə quyudan neft fontan vurur. Və nəticədə qısa müddətdə nəinki Bakının, imperiyanın ən varlı adamlarından birinə çevrilir. Təsadüfi deyil ki, imperator II Nikolay onu III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif etmişdi.

Nağıyevin rəsmi nikahdakı müsəlman həyat yoldaşı Ümmalsəlmadan başqa Gürcüstan yəhudisi Liza xanım adlı məşuqəsi də olub. Milyonçu Bakıda, Tiflisdə keçirilən kübar məclislərə müsəlman xanımıyla getmirdi. Ora Liza xanımı aparıdı. Çünki həmin məclislərdə qadınlar açıq-saçıq axşam libaslarında olurdular, onun xanmı Ümmasəlma isə hicab örtürdü. Ona görə də Ağa Musa cəmiyyət içinə həmişə Liza ilə çıxırdı. Əslində onlar elə axşam ziyafətlərinin birində tanış olmuşdular. O, Lizanı arvadı, Ümmasəlmanı isə uşaqlarının anası deyə çağırardı.

Yeri gəlmişkən, 1919-cu ildə ərinin vəfatından sonra Liza Nağıyeva Tiflisə, doğmalarının yanına köçür, sonradan yenidən Bakıya qayıdır. Daha sonralar o, bir daha ərə gedir, ancaq övladı olmur. O, ötən əsrin 60-cı illərinin ortalarında Bakıda vəfat edir və Çəmbərəkənddəki rus qəbiristanlığında dəfn olunur. Onun məzar daşının üstündə belə bir yazı həkk olunub: “Nağıyeva Yelizaveta Qriqoryevna”.

***


...Oğlu İsmayılın vəfatından sonra Ağa Musa özünə gələ bilməmişdi. İsmayılın şərəfinə ucaltdığı məşhur “İsmayıliyyə” belə onu ovundura bilməmişdi. Hə, İsmayılı Kərbəlada dəfn etdirmişdi Ağa Musa. Elə öz vəsiyyətinə görə, öləndən sonra onun nəşi də Kərbəlaya aparılmalı, oğlunun yanında dəfn edilməliydi.

1919-cu il martın 4-də vəfat edir. Onun dəfnində Bakının əksər kəndlərindən təşrif buyurmuş 70 molla iştirak edir. Qardaşı Ağaəli onu Çəmbərəkənd qəbiristanlığında dəfn edir. Onun nəşinin sonradan Kərbəlaya aparılıb oğlu İsmayılla yanaşı dəfn edilməsindən ötrü məzara “əmanət daşı” qoyulur. Amma bu Ağa Musanın hələ ki ilk dəfn idi. Bundan sonra onu daha 3 dəfə dəfn edəcəkdilər.

***

1931-ci ildə Bakıda Dağüstü park salınanda və Kirova abidə qoyularkən bütün məzarlığı söküb dağıdırlar. Nəvəsi Dilarə xanım danışır ki, Nağıyevin qəbri ordan Biləcəriyə, indi də hamının “Proparka” adlandırdığı ərazidə yerləşən qəbiristanlığa köçürürlər.

Amma 7 ildən sonra Ağa Musanın oğulluğu, Ağaəlinin doğma oğlu Fərəc Nağıyevə xəbər çatır ki, bu məzarlığın yerində Biləcəri vaqon deposu tikiləcək. Fərəc bəy həmin dövrdə Orta Asiyada imiş. Özü Bakıya gələ bilmirmiş. Ona görə də arvadını Bakıya göndərir ki, nəşi Biləcəridəki digər qəbiristanlığa köçürsün. “Təsəvvür edin, babamın nəşinin qalıqlarını bükmək üçün adi kəfən belə tapılmır. Onun sümüklərini yastıq üzlərinə yığıb dəfn edirlər. Həmin qəbir orda düz 60 il qalır”.

1998-ci ildə qəbir bir qədər əyilir. Yəni uçmaq təhlükəsi yaranır. Onda Nağıyevin varisləri Biləcəri icra nümayəndəliyinə müraciət edərək onun qalıqlarının yenidən dəfni üçün icazə istəyirlər. Bu dəfə onun qalıqlarını qəbiristanlığın girəcəyində dəfn edirlər.


***

Nağıyevin şirkətlərinin xüsusi emblemi olub. Onun imzası sayılan venzel (emblemi) tikdirdiyi əksər binalarda həkk edilib. Tikililərinin üzərindəki bu venzellər öz gözəlliyi və məna etibarilə diqqəti cəlb edir. Kənarlarında saman çələngi, ortada hambal palanının üzərində adının və soyadının baş hərifləri - “MN” (Musa Nağıyev) və ya “AM” (Ağa Musa) təsvir olunan venzelin yanından həyəcansız keçmək mümkün deyil. Ağa Musa Nağıyev bununla keçmişini – atasının saman satan, özünün hambal olduğunu unutmadığını vurğulayıb.



Hə, vaxtıyla ehtiyac içində yaşadığını heç vaxt unutmazmış Ağa Musa. Belə danışırlar ki, Bakıda keçirilən hansısa xeyriyyə tədbirlərində Ağa Musa 3 manat, oğlu İsmayıl isə 100 manat ianə verəndə, o, sual edənlərə belə cavab veribmiş: “Atam-atam, o, milyonçu Ağa Musanın oğludur. Mən isə Biləcərili saman satan Hacı Nağının”. Başqa bir məclisdə Bakı qubernatoru ona sual edəndə ki, “Ağa Musa, mən min manat, sən isə isə 3 manat, nədən belə?” Ağa Musa ona belə cavab veribmiş: “Sən hökumətsən, verərsən də”...

İki övladı olub. Oğlu İsmayıl və qızı Ümbülbanu. Qızı Ümbülbanunu yetkinlik yaşına çatanda Bakı milyonçularından Şəmsi Əsədullayevin oğlu Mirzəyə ərə veririb. Amma həyatı çox qısa və faciəli olur. İlk övladı dünyaya gələndə doğuş zamanı ölür. Elə qızın da adını Ümbülbanu qoyurlar.

1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, Ümbülbanu Fransaya köçür. Min bir əziyyət çəkir: manekençi, satıcı, katibə, tərcüməçi, hansı işə desən əl atır.

1946-cı ildə dərc olunan “Qafqaz günləri” kitabı ona şöhrət gətirir.

Amma Fransada yaşayan həmyerliləri ilə görüşməkdən qaçarmış. Onunla ilk görüşən azərbaycanlı isə Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü də olsa, Ümbülbanu sərgiyə təşrif gətirir. Yaşının çox olmasına baxmayaraq, cavan görünürmüş. Həmin vaxt ona Bakıdan gətirilmiş iki banka qara kürü sovqat verirlər. Sovqatı qəbul edən Banu zarafatca “elə bu”? - deyə soruşur. Və ardınca da deyir: “Bakını tərk edəndə, bizim orda onlarla vətəgəmiz vardı” deyir.

Hə, o ki qaldı Ağanın xatirəsinə, onun barəsində “Yük” filmi çəkilib. Filmi isə Mirzə Fərəcov maliyyələşdirib. “Yük” ona 85 min dollara başa gəlib...