Akademik Musiqili Teatr "Evdəsənmi?" layihəsinə başlayıb
21 aprel 2020 17:19 (UTC +04:00)

Akademik Musiqili Teatr "Evdəsənmi?" layihəsinə başlayıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı koronavirus infeksiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi günlərində daha bir layihəyə start verib. 

Lent.az xəbər verir ki, teatr rəhbərliyinin təşəbbüsü ilə həftəiçi, günün müəyyən saatlarında online şəkildə ("Zoom" proqramı vasitəsilə) həyata keçirilən bu layihədə kollektiv üzvlərinə "Evdəsənmi?" sualı verilir. Əsas məqsəd isə mövcud şəraitdə onların Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələrə uyğun olaraq evdə olub-olmadıqlarına nəzarət etməkdir.

Həmçinin videokonfranslarda teatr əməkdaşlarının evdə qaldıqları günlərdə yaradıcılıq fəaliyyətləri də müzakirə olunur, maraqlı təkliflər səsləndirilir.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev kollektiv üzvləri ilə hər görüşündə onları günün tələbinə uyğun davranmağa, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həmrəylik çağırışına qoşulmağa səsləyir. Kollektiv üzvləri isə hər zaman sevimli Prezidentlə və hər bir azərbaycanlıya əsl ana şəfqəti ilə yanaşan Mehriban xanımla birlikdə olmaqdan qürur duyduqlarını bildirirlər.

Teatrın artıq ənənəyə və iş prinsipinə çevrilən hər bir online yığıncağının yekunu eyni çağırışla bitir: “Evdə qalın, sağlam olun!”

# 1838
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar