509
13:21
14 Aprel 2020

Azərbaycanda spirtdən zəhərlənən iki nəfərin görmə qabiliyyəti pozuldu - RƏSMİ

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə martın 21-dən bu günə kimi spirtli içkidən zəhərlənən 14 nəfər qəbul olunub.

Bu barədə Lent.az -a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

Həkimin sözlərinə görə, onlardan 9-nun həyatını xilas etmək mümkün olmayıb: "Onların hamısını təcili tibbi yardım briqadaları gətirib. Onların kliniki diaqnozu tibbi, etil spirtdən zəhərlənmə olub. Ancaq biz toksikoloji laboratoriyaya qan nümunəsini göndərdik. Məlum oldu ki, metil spirtindən zəhərlənmə olub və ona qarşı tədbirlər həyata keçirildi".

Həkim bildirib ki, sağ qalanlardan ikisində isə görmə problemi yaranıb: "İki nəfərdə görmə qabiliyyəti qismən pozulub. Həmin şəxslər həkim - oftalmoloqun nəzarətində müalicəsini davam etdirir".