Xalq artistindən ÇAĞIRIŞ: "Bu bəla zəncirvari artsa..." -Video
10 aprel 2020 11:06 (UTC +04:00)

Xalq artistindən ÇAĞIRIŞ: "Bu bəla zəncirvari artsa..." -Video

Lent.az karantin vaxtında sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələri davam etdirir. Növbəti həmsöhbətimiz Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti, “Yuğ” teatrının aktyoru Məmmədsəfa Qasımovdur.

- Necə keçir evdə karantin, Səfa müəllim?

- Gözləmədiyim halda sakit, düşüncəli və səbirli. Hamı kimi oturmuşuq evdə, Nazirlər Kabinetinin qərarlarına əməl edirik. Görürəm ki, qanun-qayda nə qədər sərtləşdirilirsə, o qədər onu pozan insanlar var. Pəncərədən də görürəm ki, insanlar qaydalara əməl etmək istəmirlər, daha doğrusu, vətəndaş hüququnu, borcunu anlamayan insanlar var. İnsan birinci özünün, əzizlərinin, sonra ətrafının sağlamlığını nəzərə almalıdır, məsuliyyət daşımalıdır. Belə olmasa, bu bəla zəncirvari artsa, dəhşətli nəticələrə aparıb çıxara bilər.

- Ovqatınız nə deyir?

- Mən çox optimistəm, ümid edirəm ki, bu bəla yalnız bizim yox, bütün bəşəriyyətin üstündən keçib gedəcək. İnsanlıq bu dərddən xilas olacaq. Buna inanıram, həm də tezliklə olacaq. Sadəcə, biz gərək qayda-qanuna, nizam-intizama ciddi şəkildə əməl edək.  

- Nə ilə məşğul olursunuz, evdən işləməyiniz alınırmı?

- Evdə oturmuşam, kitab oxuyuram, kinolara baxıram və gözləyirəm. Tələbələrimlə nəzəri söhbətlərimizi davam etdiririk. Bu ilki tələbələrim diplomçudurlar. Hüseyn Cavidin “İblis” tamaşasını onlarla diplom işi kimi qurmuşuq. Bir az texniki tərəfləri qalmışdı tamaşanın. Yəqin ki, tezliklə işimizə, dərsimizə qayıdarıq, diplom tamaşamızın da əyər-əskiyini düzəldib verərik. Tələbələrimizi uğurlu diplom işi ilə yola salarıq.

Təbii ki, mənim kimi idmana gedən, mütəmadi aktiv fəaliyyətdən adam üçün çətindir. Amma mövcud şəraitə uyğun yenə hərəkətdəyəm. Universitet üçün işlər var, onları da həyata keçirirəm.

Tezliklə bu bəla bitəcək, biz hamımız sevimli işimizə qayıdacağıq. Şükür, dövlət qabaqlayıcı tədbirlər görüb, belə olmasaydı, kütləvi bəlaya düçar ola bilərdik. Mən hamını dövlətin qoyduğu qanun-qaydaya əməl etməyə çağırıram. Gəlin hamılıqla oturaq evdə, tezliklə cəmiyyətimizi, bəşəriyyəti bu bəladan xilas edək.

- Təşəkkür edirəm, Səfa müəllim, var olun.

- Mən təşəkkür edirəm və arzu edirəm ki, sizinlə tezliklə canlı müsahibə edək.

 

# 4491
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar