Koronavirus - Bu dünyanın ilk "sakini"...
06 aprel 2020 09:01 (UTC +04:00)

Koronavirus - Bu dünyanın ilk "sakini"...

 

Uzman həkim, cərrah-ginekoloq Rəşad Sultan koronavirusla bağlı xüsusi olaraq e-tibb.az üçün bloq yazısı ilə çıxış edib. 

 

Lent.az həmin yazını təqdim edir:

Mən bir DNT sarmaşığıyam...

Nədir DNT sarmaşığı?­ – belə bir molekuldu, uzun, üstündə zülal sintez olunur, həyatı davam etmək üçün vacib olan.

Həyat nədir deyə soruşsaz – həyat dediyin 3 şey: özümü qoruyuram, qidalanıram, çoxalıram, hələlik ancaq ikiyə bölünməklə. Bölünməkçün özümü artırmalıyam, bununçun qidalanıram. Çoxalmadan ölsəm, yer üzündən silinərəm. Özümü də buna görə qoruyuram. Həyat dediyin, canlı dediyin bu qədər sadə bir şey.

Özümü qorumaq üçün qabıq yaratdım özümə. Hüceyrə qoydum adımı. İkiyə bölünüb çoxalıram. Qidamı ətrafdan maddələri udaraq təmin edirəm. Çoxhüceyrəli olmaq daha sərfəli gəldi mənə. Qida tapmaqçun da hərəkət etmək lazım gəldi. Hərəkət edə bilən övladlarım özünə “heyvan” dedi. Hərəkət edə bilmnəyənlər Günəş enerjisini udub, bunu qidaya çevirməyi öyrəndi. Onlara da bitki dedik.

Yox, belə olmaz, müxtəlifləşmə çox yavaş gedir və spontan mutasiyaların ümidinə qalıb. Təbii seçməyə daha münbit şərait yaratmaq üçün ikicinsli olmağa qərar verdik – bitkilərdə də, heyvanlarda da. Bəh-bəh indi artıq hərəkət edərək, özümü müdafiə edir, qida tapır və çoxala bilirəm. Suda üzürəm, torpağa girirəm, ooo, həta havada qanadlanıb uçuram da... Yüz cür uyğunlaşma mexanizmi gəlişdirdim. Amma bunların içində biri var ki, mənə çooox böyük üstünlük verdi. Nədir bu? - Şüur...

Artıq bütün digər növlərdən daha üstünəm, həm özümü müdafiə etməkdə, həm qidalanmaqda, həm də çoxalmaqda... Şüur dediyim adaptasiya mexanizmi digər ailə üzvlərim kimi mənə bu üç işdə xidmət edir. Adımı dəyişdirib insan qoysam da təbiətdəki tək vəzifəm öz növümü davam etdirmək və bu məqsədlə yeyib-içib çoxalmaqdan ibarətdir. Necə deyərlər, ver yeyim, ört yatım, gözlə, canım çıxmasın. Amma nəyə görəsə, özümü canlıların ən alisi elan etmişəm. Özüm özümü inandırmışam ki, inkişaf etdirdiyim elm özümü qorumağa, yeməyə və çoxalmağa yox, nəsə ali məqsədlərə xidmət edir.

Hekayənin əvvəlində mən bir DNT sarmaşığı idim. Mən indi də bir DNT-yəm, zülaldan bir örtüyüm, bir də taca oxşayan çıxıntılarım var. Yox, mənim tacım hakimiyyət üçün deyil.

Məndən əmələ gələn canlı növü – insan, şüuru ilə ətraf mühitdə varlığını sürdürməli olan heyvan, təbiətdəki rolunu ya unudub, ya da artistlik edir, məni saymır.

Qınından çıxıb qınını bəyənmir. Öz qanunlarını, qanunsuzluqlarını qoymaq istəyir milyard illik dünyada. Hədəflərindən yayınır. Pul? – nə üçün? Ev? Maşın? Markalar, brendlər. Eyfel qülləsi, London, Nyu-York... Məgər bizim canlı olaraq hədəfimiz bu idi?! Sərhədsiz kapital, uşaqları yoran mənasız məktəblər, karyera həvəsi, cilalı arabalar, Roma, Madrid, Messi, Ronaldo... Al sənə Roma, al sənə Madrid! Hanı Messi ilə Ronaldo?! Hanı xalq artist”ləri?!

Mən bir DNT sarmaşığıyam. Bəli, mən bir virusam – Koronavirus-bu dünyanın ilk sakini.

 

# 1309
avatar

Oxşar yazılar