620
10:43
02 Aprel 2020

16 mindən çox maşının Bakıya giriş-çıxışına icazə verilmədi - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 1-i səhər saat 8-dən bu gün 8-dək olan müddətdə polis əməkdaşlarının gördüyü işlər barədə məlumat yayıb.

İdarədən Lent.az -a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla 77 nəqliyyat vasitəsi geri qaytarılıb.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsi geri qaytarılıb.

Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Martın 19-dan aprelin 2-si saat 08:00-dək 8685 nəqliyyat vasitəsinin rayon, martın 24-dən aprelin 2-si saat 08:00-dək isə 6380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 16256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.