Mənbəyi olmayan məlumatları bir-birinizə ötürməyin - NAZİRLİK
01 aprel 2020 18:05 (UTC +04:00)

Mənbəyi olmayan məlumatları bir-birinizə ötürməyin - NAZİRLİK

 “Sosial şəbəkələr doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır”.

Lent.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. O deyib ki, təhsillə bağlı xəbərlər adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var: “Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin rəsmi saytından “skrinşotlar” və sair yayılıb. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb. Lakin bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb”.

Müşavir qeyd edib ki, bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur: “Bunlardan biri internetə çıxışın olması, biri isə vicdanın olmamasıdır. Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərlə, sosial şəbəkələrlə və daha hansı vasitələrlə kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz”, – nazir müşaviri bildirib.

E.Məmmədov əlavə edib ki, məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkələrdəki səhifələrinə istinad edilməlidir. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslarına yerləşdirilir.

 

 

 

# 1571
avatar

Aygün İbrahimli

Oxşar yazılar