2059
11:33
03 Aprel 2020

Yurdunda qadağan olunan, Arazda boğulan “balaca qara balığın” nisgilli nağılı – Şəhid ziyalılar

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız cənublu şairdir, azadlıq mücahidi Səmənd Behrəngi.

... Balaca qara balıq xəstə deyildi, onun tamam başqa idi dərdi. Bir səhər gün çıxmamış anasını oyatdı:

- Ana can, səninlə danışmalıyıq. Anası yuxulu-yuxulu :

- Hara tələsirsən, balam? – deyə soruşdu, əvvəl səhər yeməyimiz yeyək, sonra gəzintiyə çıxıb danışarıq.

- Olmaz, ana can, mən burda gəzintiyə çıxmaq istəmirəm artıq, buralardan gedəcəm.

- Səhərin gözü açılmamış hara gedəcəksən, quzum?

- Bu dərənin bitdiyi yeri görmək istəyirəm. Aylardır məni bu dərənin sonu maraqlandırır. Onun harda bitdiyini bilmək istəyirəm. Bu günə qədər bu sualıma cavab tapa bilmirəm. Gecələr gözlərimə yuxu getmir, ancaq bunu düşünürəm. Qərarımı verdim gedib tapacam bu dərənin sonunu. Orda nə var, başqa yerlərdə nə var bilmək istəyirəm... (“Balaca qara balıq”)

Bu parça müəllifini dünyaya tanıdan bir nağıldandır. Səmənd Behrənginin ona iki böyük mükafatı da, dünya şöhrətini də qazandıran “Balaca, qara balıq” nağılından.

Səmənd Behrənginin çox nağılları var, hamısı gerçək həyat hekayətləri, yaşadığımız, yaşadığı həqiqətləridir. İnsan real ağrıları, nisgilləri, siyasi mübarizələri nağıl dilində bu qədər gözəl danışıb anlada bilərmiş.

Gedək cənublu qardaşlarımızın yaşadığı, Səməd Behrənginin doğulduğu yerlərə, görək onun günahı nə olub ki, qısa ömründə böyük işlər görüb, sonunda aramıza girən binəva Arazın sularına qərq edilib..?

Səməd İzzət oğlu Behrəngi – müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisidir. 24 iyun 1939-cu ildə Təbrizin Gerendab məhəlləsində yoxsul bir ailədə anadan olub. Ailədə ondan başqa iki qardaşı və üç bacısı olub. Atası İzzət bəy fəhlə imiş, cavan yaşlarında kasıblığın acısının ağuşunda dünyadan köçüb. Anası Sara xanımın xatirələri: "...Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi, mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir”.

Belə bir atanın oğlu olması onun həyat yolundan da bəlli olur. İlk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və s. bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. İşləyərək həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb, oranı da 1961-ci ildə bitirib. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb. Müəllim işləyirdi, kitablar, elmi məqalələr yazırdı.

Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. Gördüklərini, yaşadıqlarını, dərs dediyi uşaqların məşəqqətli həyatlarını yazırdı. Onlara isə hələ elektrikin nə olduğunu bilməyən uşaqlara, Azərbaycan uşaqlarına qaranlıqdan aydınlığa çıxmağın yollarını anladırdı. Onlara danışdığı nağıllarla çıxış yollarını göstərirdi.

Dostu, silahdaşı, fikirdaşı Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzib Azərbaycan folkloruna aid nümunələri toplayırdılar.

Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirmişdi.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını 1967-1969 illər arasında yazıb. Qəzetlərdə məqalələrlə çıxış edirdi. O zaman Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adinə" qəzetlərində çap olunurdu.

Bakıda o zamanlar tanınmayıb. İllər sonra ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Onun “Balaca qara balıq” əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Səməd Behrəngi həm kitablarında, məqalələrində, həm dərslərində, həm də həyat tərzi ilə yaşamağa, məğlub olmağa, mütiliyə deyil, mübarizəyə, azad olmağa həvəsləndirirdi. Belə bir adam özü intihar etməzdi. O zamanlar İranda xalq arasında bir dirçəliş vardı.

Bu dirçəliş nəticəsində ingilislər qovuldu, tax-tac laxladı.

Ölkədə qətliamlar olurdu. Qanlı və Behrənginin də içində yaşadığı bir tarix başlamışdı. “Kiçik qara balıqlar” dərələrdən çıxıb onun harda bitməsini, dərədən kənarda hansı həyatların olduğunu görməyə, öyrənməyə qalxmışdılar.

Siyasət adamı deyildi, amma insanların həyatının yaxşılaşmasını, sosial bərabərliyi kommunist partiyası ilə tapacağını düşünürdü.

“Bu gələn Koroğludur” kitabında xilaskar axtarır, onu gözləyir. Həmin Koroğlu ki, yoxsulun, fağırın, zəhmətlə yaşayanın yanındadır. Onun məkanı yalnız Çənlibel deyil, Qıratın belində Araz kənarında zillət yaşayan xalqı da xilas edəcək.

Behrəngi öz xırda qara balığı kimi uzun, məşəqqətli yollara çıxdı, çıxdı ki, yeni yerlər görsün, azadlığına qovuşsun. Azadlıqsız yaşamağın mümkünsüzlüyün anlatdı xalqına.

Onun əsərlərindəki pis “qəhrəmanları” özünə bənzədən İran şahı Rza Pəhləvi nağıl danışanın hökmünü verdi, bir daha danışmasın-dedi.

1967-ci ildə avqustun 31-də, qızmar günəşin altında Araz çayı kənarında boğulub ölmüş vəziyyətdə tapılan Səməd Behrənginin o zaman cəmi 29 yaşı vardı... Sevdiyi Arazda boğuldu. Araz onu qolları üstündə ustufca öz sahilinə çıxarıb qoymuşdu elə bil. “Namərdlər məni qatil edib, səni məndə boğdular, mən səni sevdiklərinə əmanət edim”-deyirmiş kimi.

Öz xırda qara balığı kimi xəyalını qurduğu həyatın ardınca çabalayarkən, okeanlara çıxmaq, ənginlikləri görmək arzusuyla bərabər həlak oldu. Təbrizin İmamiyyə qəbiristanlığında uyuyur.

- Ana, hər şeyin bir sonu var, eləmi, bu dərənin də, başqa dünyalar var?

- Başqa dünya yoxdur, körpəm, dünya elə buradır...

Ölümündən sonra o xırda qara balıqlar çoxaldı, böyüdü...yenə boğuldu, yenə yarandı. Silahdaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın “Xalq Fədailəri" təşkilatını yaradıb silahlı mübarizəyə qalxdılar.

O vaxt olduğu kimi, bu gün də ölkəsində onun nağıllarına qadağa var.

Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb, musiqilər bəstələnib. Dostu Əlirza Nabdil Oxtay onun ölümündən sonra "Səməd könlümdədir" şeirini yazır daha sonra isə bu şeirə musiqi bəstələnir.

2014-cü ildə Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib.

14 mart 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.]

20 əsəri indi dünyanı gəzir. Səməd Behrənginin məktəb yoldaşı Sirus Mədədi onun son kitabını da çap etdirib. Hazırda Almaniyada yaşayan Sirus Mədədi Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, o, Azərbaycan və İran ədəbiyyatında bir qala, bir dağ kimi çox ucada durur. “Bu gün də həm onun həyatından, həm də əsərlərindən ilham alınır. Səməd Behrənginin həyatı, əsərləri və Azərbaycan mövzusuna olan baxışı, hələ ki, var. O, İran və Azərbaycanın klassik ədəbiyyatının önündə duranlardandır.”

Dünya ədəbiyyatçıları "Balaca qara balıq" ı Səmədin şah əsəri hesab edir. Təbrizli tədqiqatçı Qulamhüseyn Saidi isə deyir ki, “ Səməd Behrənginin əsl şah əsəri, onun öz həyatıdır."

İşıldaquş:

- Dovşan qardaş, mən ətrafımdakı qaranlıqları aydınlatmaq istəyirəm, amma bəzi dostlar mənə lağ edirlər ki, nahaq əlləşirsən, cılız işığın qaranlıqları işıqlandırmağa yetməz.

Dovşan:

- Bu savadsız və geri qalmış düşüncənin məhsuludur. İşıq nə qədər az olsa da, yenə ətrafına saçar, işıqlandırar.