892
10:57
01 Aprel 2020

Bakıda açıq formada satılan çörəklər - əməkdaşımız nələrə şahid oldu? - VİDEO

Koronavirusun sürətlə yayıldığı bir zamanda ölkəmizdə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. Böyükdən kiçiyə hər kəs virusdan necə qorunmağın yollarını axtarır. Kimi buna evdən çölə çıxmamaqla, kimisi də müxtəlif dezinfeksiya işləri həyata keçirməklə nail olur.

Amma təəssüf ki, elə evimizin içində otura-otura da virusa yoluxmaq mümkündür. Necə? Təbii ki, hər gün mağazalardan aldığımız bir sıra qida məhsulları sayəsində. Ekspertlər tövsiyə edirlər ki, koronavirus təhlükəsi ilə əlaqədar marketlərdən açıq şəkildə satılan məhsulları alarkən daha diqqətli olmaq lazımdır. Çünki son araşdırmalar göstərir ki, koronovirus infeksiyası müxtəlif əşyaların üzərində saatlarla qala bilir. Belə ki, kağız üzərində virus üç saat, paltar və ağacın üzərində iki gün, şüşənin üzərində dörd, plastikin üzərində isə yeddi gün qalır.

Son zamanlar ölkə əhalisini ən çox narahat edən məsələ marketlərdə açıq formada satılan çörəklərdir. Demək olar ki, əksər marketlərdə zavod çörəkləri ya kağız paketə qoyulub satılır, ya da açıq şəkildə mağazalara gələrək burada sellofan torbalara salınır. Mağazalarda apardığımız müşahidələr belə deməyimizə əsas verir. Gün ərzində mağazaya girən onlarla insan çörəyin isti-soyuq və ya köhnə-yeni olmasını yoxlamaq üçün əllərini çörəyə vururlar.

Qeyd edək ki, bu günə kimi paytaxtda natəmiz şəraitdə fəaliyyət göstərən bir sıra çörəkbişirmə sexlərini dəfələrlə sizə çəkib göstərmişik. Digər tərəfdən, natəmiz şəraitdə bişirilən çörəklərin heç bir gigiyenik tələblərə cavab verməyən avtomobillərdə də daşınmasının şahidi olmuşuq. Çörək və digər un məmulatlarının qapalı şəkildə satılması ilə bağlı xüsusi standartlar müəyyən olunsa da, təəssüf ki, hələ də bu qaydalara riayət olunmur. Hazırda koronavirus təhlükəsi olduğu bir vaxtda çörəyin açıq şəkildə satışı davam etdirilir:

Mağazalarda müxtəlif qablaşdırmada, müxtəlif çeşiddə çörəklər satılır. Hazırda olduğumuz bu marketdə də satılan bir qisim çörəklər zavodun özündə deyil, məhz marketin özündə market əməkdaşları tərəfindən sellofan torbalara qoyularaq qablaşdırılır. Bu zaman həmin çörəklərə bir neçə əl təmas edir. Bu rəflərdə gördüyümüz çörəklər isə elə zavodun özündə qablaşdırılaraq satışa buraxılıb. Əla növ undan hazırlanan bu №1 çörəkləri zavodun özündə qablaşdırılıb və tam gigiyenik qaydalara əməl olunub. Nəzərə alsaq ki, virusun tüğyan etdiyi bir zamanda hər dəfə alıcılar bu açıq çörəklərə əl vururlar, o zaman №1 çörəkləri kimi qablaşdırılma daha zəruri və vacibdir.

Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Ramazan Nəbiyev bildirir ki, ölkədə fəaliyyət göstərən ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib. Bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub: “Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb”.

Hər halda, sağlamlığını düşünən hər bir kəs ilk növbədə şəxsi gigiyena qaydalara və qidalanmaya diqqət yetirməlidir. Bunun üçün də hər gün süfrələrimizin olmazsa-olmazı olan çörək və un məmulatlarının satışına və alışına ciddi riayət etməlidir. Əks halda, gözlə görünməyən düşmən canımıza yol tapar.

İlahə Vəliyeva
Əli Ələkbər, Üzeyir Ağayev