Millət vəkili: “Bu ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır”
31 mart 2020 21:04 (UTC +04:00)

Millət vəkili: “Bu ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır”

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı azaltmaq üçün dövlət tərəfindən iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb.

Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və vətəndaşlarımıza necə kömək edəcək? 

Mövzu ilə bağlı iqtisadçı, millət vəkili Vüqar Bayramlı Lent.az-a verdiyi açıqlamada xatırlatdı ki, koronavirusun Azərbaycan iqtisadiyyatına, eyni zamanda, sahibkaralara təsirinin minimallaşdırılması ilə bağlı yaradılmış İşçi Qrupu tərəfindən konkret proqramlar hazırlanıb: “İşçi Qrupu tərəfindən 9 Proqramın hazırlanması da nəticə etibarilə koronavirusun sahibkarlara və eləcə də sahibkarlıq subyektlərində çalışan vətəndaşlara təsirini minimallaşdırmaq məsədi daşıyır. Artıq İşçi Qrupu tərəfindən koronavirusun  iqtisadiyyata təsirləri qiymətləndirilib və bu qiymətləndirməyə görə 4 əsas sektor və 20 fəaliyyət sahəsi üzrə koronavirusun təsiri müəyyənləşdirilib. Bu təsirlərin azaldılması ilə bağlı konkret proqram təklif olunur. Koronavirusun sahibkaralara və eləcə də muzdla çalışan vətəndaşlarımıza təsiri var. Bu istiqamət üzrə ayrılan vəsaitin miqdarı 1 milyard manatdan 2,5 milyard manatadək artırılır. Ayrılmış vəsait ümumdaxili məhsulun 3 faizi deməkdir. Və bu, MDB ölkələri arasında ən yüksək göstərici hesab olunur. Bu gün hökümət tərəfindən həyata keçirilən siyasətin məqsədi ondan ibarətdir ki, həm sahibkarlara, həm vətəndaşlarımıza dəymiş ziyanı minimuma endirmək mümkün olsun. Bu baxımdan sektoral yanaşma tətbiq olunur. Bu yanşama bəzi fəaliyyət sahələrinə dəyən ziyanın tam kompensasiyası, nisbətən az təsirə məruz qalan fəaliyyət sahələrinə bütövlükdə 70 faizlik kompensasiyanın həyata keçirilməsini nəzərdə tutur”.

Millət vəkili bildirib ki, Azərbaycanda 1 milyon 555 min muzdlu işçinin 915 mini məhz dövlət, eləcə də neft sektorunda çalışır. Onlar bu sektorlarda çalışdıqları üçün məzuniyyətdə olsalar belə, əməkhaqları ödənilir: “640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorunda çalışır. Onlar üçün birbaşa dəstək mexanizmi reallaşacaq. Eyni zamanda, mikrosahibkar kimi fəaliyyət göstərən 290 min vətəndaş da praktik dəstək almaq imkanına malik olacaq. Onlara da dəyən ziyan dövlət tərəfindən kompensasiya olunacaq. Proqramlardan biri kreditlər üzrə kompensasiya və bütövlkdə kredit öhdəlikləri ilə bağlı olacaq. Bu istiqamətdə 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Həm də faizlərin subsidiyalaşdırılması həyata keçiriləcək. Dövlət İpoteka və Dövlət Zəmanət Fondu tərəfindəın subsidiya mexanizminin həyata keçirilməsi mümkündür və bu da tətbiq olunacaq. Sahibkarlığın İnkişafına Yardım Fondu tərəfindən də dəstək veriləcək. Maliyyə qrupu tərəfindən təkliflər hazırlandıqdan sonra istehlak kreditləşməsi üzrə dövlət dəstəyinin gücləndirilməsinə imkan yaranacaq. Bütövlükdə bu gün həyata keçirilən siyasətin hədəfi ondan ibarətdir ki, özəl sektorda çalışan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilsin. Koronavirusun təsirləri minimallaşdırılsın. İşləməyən vətəndaşlar üçün də dəstək mexanizminin gücləndirilməsi nəzərdə tutulub. Bu, ondan xəbər verir ki, koronavirusa qarşı mübarizə siyasətinin əsas hədəfi və məqsədi bu virusun vətəndaşların sosial vəziyyətinə göstərdiyi təsirləri azaltmaqdır. Belə həssas dövrdə dövlətin öz vətəndaşlarına dəstək nümayiş etdirməsi bir daha ondan xəbər verir ki, ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır. Və Azərbaycanda həyata keçirilən siyasətin məğzi vətəndaşların sosial təminatının daha da gücləndirilməsi, bu istiqamətdə bütün mümkün imkanlardan istifadə etməkdir”.

 

# 1294
avatar

Aygün İbrahimli

Oxşar yazılar