1120
13:56
28 Mart 2020

Polşadan gələn vətəndaşlarımız karantinə yerləşdirilib


Heydər Əliyev Beynəlxalq Aeroportu 27 mart tarixində Polşanın “LOT” aviaşirkəti tərəfindən Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirib.

“AzAL”-dan APA -ya verilən məlumatda bildirilir ki, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən “LOT” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəblərdən çıxış hava limanına qayıtmaq barədə qərar qəbul edib.

“LOT” aviaşirkətinin hava gəmisi əvəz edildikdən sonra Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25 dəqiqədə Lənkəran hava limanına enib. Hava gəmisi ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.

Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirib və 28 mart tarixində Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir.