Karantin rejimini pozanlar - KİMLƏR NƏ CƏZA ALDI?
27 mart 2020 18:10 (UTC +04:00)

Karantin rejimini pozanlar - KİMLƏR NƏ CƏZA ALDI?

Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15.00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilən iş rejimini pozmaqla saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində  10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

Məlumatda eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyətinin müəyyən edilərək ərazi polis orqanlarına dəvət edildiyi bildirilib. Belə ki, müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərinə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunub, 3 nəfərin barəsində inzibati həbs qərarı seçilib.

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1590  avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan bir daha tətbiq edilən sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar