Vüsal Süleymanov: "Ukraynadakı səfirliyimiz xüsusi iş rejimində fəaliyyət göstərir"
22 mart 2020 19:54 (UTC +04:00)

Vüsal Süleymanov: "Ukraynadakı səfirliyimiz xüsusi iş rejimində fəaliyyət göstərir"

"Ukrayna hökuməti koronavirusa qarşı tədbirləri gücləndirib. Başda paytaxt Kiyev olmaqla, Ukraynanın bir çox şəhərlərində komendant saatının tətbiqi nəzərdə tutulub. Martın 17-dən etibarən Ukrayna beynəlxalq uçuşları dayandırdı. Burada təhsil alan və ya müvəqqəti yaşayan azərbaycanlıların problemlərinin həlli üçün səfirlik xüsusi iş rejimində fəaliyyət göstərir". 

Lent.az bildirir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişinə skayp vasiyəsi ilə canlı qoşulan Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Vüsal Süleymanov deyib. O, bildirib ki, səfirliyin "qaynar xətt"i və elə həmin nömrənin vatsap xətti vətəndaşlarımız üçün istifadəyə verilib: "Həmçinin Ukraynada koronavirusla bağlı vəziyyət haqqında məlumatlar səfirliyin saytında və sosial şəbəkədəki səhifəmiz vasitəi ilə mütəmadi olaraq çatdırılır. Həmvətənlərimizdən Azərbaycana qayıtmaq istəyənlərin əksəriyyəti qiyabi təhsil alan tələbələr, sanatoriyalarda müalicəyə gəlmiş şəxslərdir. Onların sayı təxminən 400 nəfərdir".

Ukraynadakı diaspor üzvlərinə gəldikdə isə səfirlik əməkdaşı deyib ki, regionlar üzrə diaspor rəhbərləri ilə mütəmadi əlaqə saxlanılır: "Onların problemləri ilə maraqlanırıq, lazımi tədbirlər görürük. Məlumat üçün deyim ki, hələ ki, diaspora təşkilatları üzvlərindən Azərbaycana qayıtmaq istəyi ilə bağlı müraciət daxil olmayıb".

# 891
avatar

Oxşar yazılar