Gürcüstandakı Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə razılıq verildi
16 mart 2020 15:13 (UTC +04:00)

Gürcüstandakı Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə razılıq verildi

Martın 15-də koronavirus epidemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə ilə Gürcüstan arasında Sarp sərhəd keçid məntəqəsinin Türkiyə vaxtı ilə 17:00-da bağlanmasına dair verilən qərarın nəticəsi olaraq İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi sərhəddə məhdudlaşdırılıb.

Lent.az bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaydığı məlumata görə, "Vardar" və "Metro" şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhədindən tranzit keçidinə razılıq müəyyən təhlükəsizlik tədbirləri səbəbi ilə bu gün saat 14:30-da verilib.

Türkiyəyə məxsus "Metro" daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid razılığı verilmədiyindən, həmin avtobusda olan sərnişinləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi xüsusi avtobusla təmin edib.

Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan danışıqlar nəticəsində göstərilən operativ münasibətdən dolayı Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinə və Azərbaycan Dövlət Neft Şirkətinə xüsusi təşəkkürünü bildirir.

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

# 826
avatar

Oxşar yazılar