Ucqar yaşayış məntəqələrini elektrik enerjisi ilə necə təmin etmək olar? - ŞƏRH
12 mart 2020 14:05 (UTC +04:00)

Ucqar yaşayış məntəqələrini elektrik enerjisi ilə necə təmin etmək olar? - ŞƏRH

Günəş elektrik panellərinin fərdi qaydada istifadəsinin əsas üstünlüklərindən biri də onların ucqar ərazilərdə quraşdırılmasının mümkünlüyüdür.

Bunu "APA-Economics"ə Norveçin "Provitaz" şirkətinin günəş panellərinin quraşdırılması və dizaynı üzrə mühəndisi Namiq Muradov deyib.

"Elektrik enerjisi şəbəkəsinə qoşulması çətin olan ucqar ərazilərdə günəş panellərini quraşdırıb istifadə edə bilərik. Belə ərazilərdə günəş enerjisi bazasında çalışan qurğuların quraşdırılmasından sonra abunəçilər müstəqil şəkildə elektrik enerjisi istehsal edə bilərlər", - deyə N. Muradov qeyd edib.

Qeyd etmək lazımdır ki, alternativ enerji məhsulları və layihələri üzrə ixtisaslaşmış "Provitaz" şirkəti 2013-cü ildən fəaliyyət göstərir. Şirkət beynəlxalq mühəndislər qrupu tərəfindən hazırlanmış sistem və texnologiyalardan, həmçinin yerli istehsal və resurslardan istifadə etməklə ən sərfəli alternativ enerji layihələrini təqdim edir. Şirkətin ofisi Bakıda yerləşir və ən maraqlısı odur ki, bu binanın enerji təchizatı məhz günəş panelləri hesabına təmin edilir.

"Burada hərəsinin istehsal gücü 385 Vt olan 6 panel var. Bu, gün ərzində ofisimizi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Panellər vasitəsilə istehsal edilən elektrik enerjisi inventor vasitəsilə sabit cərəyandan dəyişən cərəyana keçirilir. Bu proseduradan sonra biz istehsal edilən elektrik enerjisindən istifadə edə bilirik", - deyə N. Muradov vurğulayıb.

Şirkət rəsmisi onu da bildirib ki, elektrik enerjisinin istehsalı üçün günəş panellərindən istifadənin bir sıra üstünlükləri var. Belə ki, panellərinin istifadəsi ekoloji göstəricilərinə görə daha çox səmərəlidir, onlar havanı tullantılarla çirkləndirmir və suya da qənaət etməyə imkan verir (su yalnız onları təmizləmək üçün lazım olur).

Bundan başqa, bu texnologiyanın iqtisadi cəhətdən münasibliyi panelləri adi abonentlər tərəfindən fərdi və mərkəzləşdirilməmiş qaydada istifadəsinə də imkan yaradır: "Panelləri istənilən yerdə quraşdırmaq mümkündür".

Onu da qeyd etmək lazımdır ki, bu ilin ortalarınadək Azərbaycanda "Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması" layihəsinin reallaşdırılması başa çatdırılacaq. Layihənin nəticəsi kimi, tədbirlər planı hazırlanacaq, hansı ki, hər yaşayış məntəqəsi üzrə münasib texniki həll yollarını, lazımi tədbirləri və bu işlərin reallaşdırılması üçün lazım olan vəsait həcmləri məsələlərini əhatə edəcək. İşlər bitəndən sonra sənəd Energetika Nazirliyinə təqdim olunacaq, sonra isə nazirlik onu hökumətə təqdim edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı "Azalternativenerji" MMC olub.

Layihənin əsas məqsədi Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən, "4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi" prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır. Layihənin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması bununla bağlı hazırlanmış təklifləri aidiyyəti qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.

# 929
avatar

Oxşar yazılar