Təsdiqlənmiş koronavirus hallarının 85 faizindən çoxu Çində qeydə alınıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunub.
Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.
Yerli mediaya əsasən, hər iki növlə müalicə olunan xəstələr yalnız "adi" dərman alan pasiyentlərə nisbətən daha tez sağalıblar. Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub.
Ənənəvi üsullarla müalicə formulu Hançjou şəhərinin Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb. Regional hakimiyyətin təsdiqindən keçən bu formul Quandun əyalətinin Elm və Texnologiya Nazirliyi tərəfindən rəsmən tanınıb.
Hançjou Yoluxucu Xəstəliklər Xəstəxanasında Xalq Təbabəti şöbəsinin müdiri Yu Dzənhua xəstələrə iki ənənəvi vasitənin yazıldığını bildirir - biri bəlğəmə görə, digəri isə iltihaba qarşı təyin olunur.
Bu səpkidə Qingfei Paidu dərmanının xüsusilə yüksək müalicəvi təsiri qeyd olunur. Bu barədə məlumat yayan Sinhua Agentliyi pekinli baş həkim Van Ronbinin sözlərinə istinad edir.
Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanır.