11:19
06 Mart 2020

“BakıKart”a onlayn ödəniş edə biləcəksiniz - VAXT AÇIQLANDI

İctimai nəqliyyatda ödənişlərin “BakıKart”la həyata keçirilməsi işimizi asanlaşdırsa da, bəzən çətinə də salır. Hələ kartınızın balansında kifayət qədər vəsait yoxdursa, üstəlik dayanacaqda ödəmə aparatı da quraşdırılmayıbsa iş daha da çətinləşir. Avtobusların ardınca baxa-baxa qalırıq.

Maraqlıdır, onlayn ödənişlərin geniş tətbiq olunduğu bir zamanda ödəmə aparatlarının qarşısında vaxt itirməyə dəyərmi? O vaxt ki, çoxunu elə yollarda itiririk:

- “Yükləyəndə uzun müddət vaxt sərf etməli oluram. Ona qədər də görürsən ki, artıq marşrut getdi”.

“2020-ci ilin yanvar ayından etibarən “BakıKart”ın balansını onlayn ödəniş vasitəsilə artırmaq mümkün olacaq” xəbəri nağdsız hesablaşmalara üstünlük verənlər üçün ürəkaçan müjdə olsa da, elə xəbər olaraq qaldı:

- “Kartsız ödənişdən, nağdsız ödənişdən daha çox istifadə edilir. Onlayn ödəniş olsa, daha faydalı olar”.

- “Mən tələbəyəm ən çox bizdə vaxt itkisi olur dərsə gecikən zaman, amma, onayn olsa daha rahat olar”

Düzdür, “BakıKart” terminallarında “Onlayn yükləmə” bölməsi yaradılıb. Amma burada əməliyyat aparıb, həmin bölməyə sorğu göndərəndə “Gözlənilən əməliyyat yoxdur” cavabını alırıq.

“BakıKart” Məhdud Məsuliyyətli Cəmiyyətinin zəng mərkəzi ilə əlaqə saxlayıb, mövcud əməliyyatın niyə mümkün olmadığı ilə bağlı soruşduqda isə bildirilir ki, sözügedən bölmə korporativ müştərilər üçün nəzərdə tutulub.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, bu proses cari ilin birinci yarısına kimi reallaşacaq: “Biz istəyirik ki, bu il ərzində onlayn ödəmə sistemlərini artıq işə salaq ki, vətəndaşlarımız onlayn qaydada “BakıKart”ın balansını artıra bilsinlər. Düşünürük ki, ilin birinci yarısınadək nəzərdə tutulan texniki tədbirlərin görülməsi təmin olunacaq ki, ilin birinci yarısı onlayn ödəmə işə salınsın”.

Mövzuya tam fərqli yanaşan Mərkəzi Bankdan isə bildirilib ki, ictimai nəqliyyatda ödəniş kartı ilə əməliyyatların aparılması daha məqsədəuyğundur. Bu, həm kart istifadəçisinin rahatlığını təmin edəcək, eyni zamanda hazırda yalnız ictimai nəqliyyatda tətbiq olunan kartlara çəkilən xərclərin aşağı düşməsinə imkan verəcək. Bundan başqa, beynəlxalq kart təşkilatlarının yaxından iştirakı ilə icra edilə biləcək bu layihə ölkədə turizmin inkişafında mühüm rol oynamaqla əcnəbi turistlər üçün əlverişli ödəniş imkanı da yaradacaq.

İsa İsmayılov

Üzeyr Ağayev

Dİgər xəbərlər