Prezident: “Köhnə psixologiyanı bu yollarla qıra bilərik”
05 mart 2020 16:36 (UTC +04:00)

Prezident: “Köhnə psixologiyanı bu yollarla qıra bilərik”


“Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidir: “Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.

 

# 1168
avatar

Oxşar yazılar