1252
10:22
27 Fevral 2020

Sabah nazirlər Bakıya toplaşır

Fevralın 28-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına hazırlıq işləri yekunlaşıb və toplantıda on üç ölkənin iştirakı təsdiqlənib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, ”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natela Turnava, İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstandan isə Energetika naziri Temenujka Petkova iştirak edəcək. ABŞ-ı Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanı isə Baş Nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edəcək.

Məlumata görə, bu ilki tədbirdə Serbiyanı Mədən və Energetika naziri Aleksandar Antiç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və İqlim Diplomatiyası Departamentinin direktor müavini Felix Moldovan təmsil edəcək. Xorvatiyanın Ətraf Mühitin Mühafizəsi və Energetika nazirinin köməkçisi Domagoy Validziç, Monteneqronun Enerji Tənzimləmə Agentliyinin Qaz, Neft və Lisenziyalaşdırma xidmətinin rəhbəri Zarko Juranoviç tədbirə qatılacaq. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havrilet də iştirakçılar sırasındadır. Tədbir iştirakçıları arasında BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB AD, Transgaz, SNGN Romgaz SA, UNİPER Global, Bulgargaz EAD, SACE, Plinacro şirkətləri geniş tərkibdə yer alıb.

Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının iştirakı nəzərdə tutulub. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra iki plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada “Cənub Qaz Dəhlizi”nə üzv və layihəyə maraq göstərən ölkələrin təmsilçilərinin çıxışları nəzərdə tutulub.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı isə 2019-cu il fevralın 20-də keçirilib.