1709
01:26
27 Fevral 2020

Koronavirusa yoluxmuş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib

Gürcüstanda koronavirusa yoluxması təsdiqlənmiş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

"Həmin şəxs İrandan mikroavtobusla Gürcüstan-Azərbaycan sərhədinə gəlib. Burada sərhədin Gürcüstan tərəfinə keçərkən yoxlama aparılıb və onda yoluxmanın simptomları aşkar edildiyinə görə xəstəxanaya yerləşdirilib. Onunla birlikdə səyahət edən digər şəxsdə isə yoluxma aşkar olunmayıb", - A.Qamkrelidze belə deyib.

A.Qamkrelidzenin sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan tərəfi artıq məlumatlandırılıb.

Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq həm İran, həm də Azərbaycanla virusa yoluxmuş şəxslərin kontaktda olduğu insanların vaxtında müəyyənləşdirilməsi istiqamətində iş aparır.