606
15:53
24 Fevral 2020

FHN-də avstriyalı qonaqlarla görüş olub

Fevralın 24-də Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Volfqanq Marxar, Avstriya Respublikasının ölkəmizə yeni akkreditə olunmuş polis attaşesi Cerald Riçard Hörmann, Avstriya Respublikasının Azərbaycan Respublikasına akkreditə olunmuş sabiq polis attaşesi Karlhaynz Qortano, Avstriya Respublikasının Gürcüstandakı Polis Attaşeliyinin əməkdaşı Tamar Gvenetadze ilə görüşüb.

Lent.az -a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Avstriyanın aidiyyəti qurumları arasında əlaqələrin mövcud inkişafından razılıq bildirilib və əlaqələrin inkişafında hər iki tərəfin fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, ölkələrimiz arasında mövcud əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsi məqsədilə imkanlardan istifadə edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında təbii fəlakətlər və ağır nəticəli qəzalar zamanı qarşılıqlı yardım haqqında Saziş”in imzalanması məsələsi, həmçinin avstriyalı mütəxəssislər tərəfindən Fövqəladə Hallar Nazirliyinin alpinistlərinin hazırlanmasında müasir metodların tətbiqi, dağ şəraitində qar uçqunları altında qalmış zərərçəkmişlərin axtarış-xilasetmə əməliyyatlarının daha səmərəli təşkili məqsədilə keçirilmiş təlimlərin davamı olaraq cari ilin mart ayında Avstriyada təşkil olunacaq alpinizm kursları barədə müzakirələr aparılıb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.