Turşudan gələn bəla – MÜTƏXƏSSİSLƏR NƏ DEYİR?
24 fevral 2020 14:28 (UTC +04:00)

Turşudan gələn bəla – MÜTƏXƏSSİSLƏR NƏ DEYİR?

Botulizm zəhərlənməsi zamanı udqunma pozulur, hətta sulu maye boğazdan keçmir.

Lent.az İTV-yə istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin şöbə müdiri Gülnarə Babayeva deyib: “Konservləşdirilmiş turşudan zəhərlənmə zamanı udqunmanın pozulması baş verir. Sulu maye  boğazdan keçmir, insanın səsində dəyişmə yaranır. Daha sonra göz siptomları özünü göstərir. Xəstə iki görür. Boğulma hissi yaranır. Bu xəstəliyi botula-toksin törədir”.

Həkim bildirib ki, turşu hazırlayan zaman tərəvəzdə qalan gözlə görünməyən mikroplar belə insanın ölümünə səbəb ola bilər: “Tərəvəzlər konservləşdirilən zaman məhsullar düzgün sterilizə olunmalıdır”.

Qida mütəxəssisi İsa Əliyev isə  zəhərlənən insana ilk 3 saat ərzində ilkin tibbi yardımın göstərilməsinin vacibliyini vurğulayıb: “Xəstə  qusdurulmağa məcbur edilməlidir. Bunun üçün bəzi məhlullardan istifadə etmək olar. Ev şəraitində duz, soda və sudan hazırlanan məhluldan daha çox istifadə olunur. İlkin yardımdan  sonra isə mütləq həkimə müraciət olunmalıdır. Çünki botulizmlə zəhərlənmə ciddidir”.

Qida mütəxəssisi onu da vurğulayıb ki, məhsulun qapağı şişmiş olarsa, yaxud hər hansı rəng, qoxu dəyişikliyi olarsa həmin məhsulu qəbul etmək olmaz.

Onun sözlərinə görə, bu cür məhsulda botulizm özünü göstərib.

Qeyd edək ki, ötən il 1000-dən çox qida zəhərlənməsi qeydə alınıb. Nəticədə 4 nəfər dünyasını dəyişib ki, ölümlərdən ikisi turşudan, daha doğrusu botulizm zəhərlənməsindən baş verib. Ötən həftə isə İmişlidə turşudan zəhərlənən bir ailənin iki üzvü dünyasını dəyişib.

# 6383
avatar

Aygün İbrahimli

Oxşar yazılar