Bir çox dünya ulduzu yaşadıqları dövrdə bütöv bir nəslin simvoluna çevrilib, musiqi və kino tarixində yeni səhifə açıb. Onlar çox gənc yaşlarında böyük şöhrət qazansalar da, həyatları gözlənilmədən yarımçıq qalıb. Buna baxmayaraq, yaratdıqları irs bu gün də yaşayır.
Lent.az xarici meidaya istinadla həmin məşhurlardan bəzilərinin təqdim edir:
Bryus Li – 32 yaş
Döyüş sənətlərinin əfsanəsi Bryus Li həm idmanda, həm də kinoda bu sahəyə yanaşmanı tamamilə dəyişib. O, özünün yaratdığı "Cit Kun Do" fəlsəfəsi ilə tanınıb və Çak Norris, Stiv Makkuin, Ceyms Kobern kimi Hollivud ulduzlarına dərs keçib.
"Böyük Boss", "Qəzəb Yumruğu" və "Əjdahanın Çıxışı" filmlərindəki rolları ilə dünya şöhrəti qazanan aktyor 1973-cü ildə Honq-Konqda vəfat edib.
Rəsmi məlumata görə, ölümünə ağrıkəsici dərmana qarşı yaranan reaksiyanın yaratdığı beyin şişkinliyi səbəb olub. Lakin onun ölümü ilə bağlı müxtəlif sui-qəsd və digər fərziyyələr bu gün də müzakirə olunur.
Cim Morrison – 27 yaş
"The Doors" qrupunun solisti Cim Morrison 1960-cı illərin rok musiqisinin ən parlaq simalarından biri idi. "Light My Fire", "Riders on the Storm" və "Break on Through" kimi mahnılar onu musiqi tarixinin unudulmaz adlarından birinə çevirib.
Morrison 1971-ci ildə Parisdə 27 yaşında vəfat edib. Rəsmi səbəb ürək çatışmazlığı göstərilsə də, meyit üzərində yarılma aparılmadığı üçün ölümünün ətrafında müxtəlif mübahisələr qalır.
Kurt Kobein – 27 yaş
"Nirvana" qrupunun lideri və qranj musiqisinin əsas yaradıcılarından biri olan Kurt Kobein "Nevermind" albomu və "Smells Like Teen Spirit" mahnısı ilə 1990-cı illərin simvoluna çevrilib.
Musiqiçi 1994-cü ildə ABŞ-ın Sietl şəhərində həyatını itirib. Rəsmi məlumata görə, o, reabilitasiya mərkəzini tərk etdikdən sonra evində ölü tapılıb. İstintaq onun intihar etdiyi qənaətinə gəlib.
Emi Vaynhaus – 27 yaş
Güclü səsi və soul, caz janrlarını özünəməxsus şəkildə birləşdirən Emi Vaynhaus musiqi dünyasında dərin iz qoyub. "Back to Black", "Rehab" və "You Know I'm No Good" kimi hitləri bu gün də sevilir.
Müğənni uzun müddət alkoqol və narkotik asılılığından əziyyət çəkirdi. O, 2011-ci ildə Londondakı evində ölü tapılıb. Ölüm səbəbi alkoqoldan kəskin zəhərlənmə olub.
Tupak Şakur – 25 yaş
Hip-hop tarixinin ən nüfuzlu reperlərindən biri olan Tupak Şakur mahnılarında sosial bərabərsizlik, irqçilik və zorakılıq kimi mövzulara toxunub. "All Eyez on Me", "Me Against the World", "California Love", "Changes" və "Dear Mama" onun ən məşhur əsərlərindəndir.
Tupak 1996-cı ildə Las-Veqasda silahlı hücum zamanı ağır yaralanıb və altı gün sonra xəstəxanada vəfat edib. Uzun illər açılmayan cinayət işi üzrə 2023-cü ildə "Kif Di" ləqəbli Dueyn Devis saxlanılıb. Onun məhkəməsinin 2026-cı ilin avqustunda keçirilməsi planlaşdırılır.
Hit Ledcer – 28 yaş
Avstraliyalı aktyor "Qorbataya Qora", "Səndən Nifrətimin 10 Səbəbi" və xüsusilə "Qara Cəngavər" filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb. Onun canlandırdığı Coker obrazı ölümündən sonra "Oskar" mükafatına layiq görülüb.
Ledcer 2008-ci ildə Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Ölümünə müxtəlif dərman preparatlarının təsadüfi həddindən artıq qəbulu səbəb olub.
Aviçi – 28 yaş
İsveçli DJ və prodüser Aviçi elektron musiqini kantri, folk və pop elementləri ilə birləşdirərək janra yeni nəfəs gətirib. "Wake Me Up", "Levels" və "Hey Brother" onun ən məşhur hitlərindəndir.
Sənətçi 2018-ci ildə Omanın paytaxtı Maskatda vəfat edib. Ailəsi onun uzun müddət psixoloji çətinliklərlə mübarizə apardığını bildirib.
River Feniks – 23 yaş
Amerikalı aktyor və musiqiçi, aktyor Xoakin Feniksin böyük qardaşı River Feniks "Mənim Şəxsi Aydaho Ştatım", "Yanımda Qal" və "İndiana Cons: Son Səlib Yürüşü" filmlərindəki rolları ilə tanınıb.
O, 1993-cü ildə Los-Ancelesdə yerləşən "The Viper Room" klubunun qarşısında narkotik maddənin həddindən artıq qəbulu nəticəsində vəfat edib.
Cimmi Hendriks – 27 yaş
Dünya musiqisinin ən böyük gitara ustalarından biri sayılan Cimmi Hendriks blyuz-rok, caz-rok və essid-rok janrlarında yaratdığı əsərlərlə tanınıb. "Purple Haze" və "All Along the Watchtower" onun ən məşhur ifalarıdır.
Musiqiçi 1970-ci ildə Londonda vəfat edib. Məlumata görə, o, çoxlu miqdarda yuxu dərmanı qəbul etdikdən sonra yuxuda boğularaq həyatını itirib.
Cenis Coplin – 27 yaş
1960-cı illərin əfsanəvi rok ifaçılarından olan Cenis Coplin "Big Brother and the Holding Company", "Kozmic Blues Band" və "Full Tilt Boogie Band" qruplarında çıxış edib. "Piece of My Heart" və "Me and Bobby McGee" onun ən məşhur mahnıları sırasındadır.
Coplin 1970-ci ildə Los-Ancelesdə heroinin həddindən artıq qəbulu nəticəsində vəfat edib. O, Cimmi Hendriksin ölümündən cəmi bir neçə həftə sonra dünyasını dəyişib.