Ev pişikləri ömürlərinin böyük hissəsini yatmaqla keçirir və çox vaxt bu anları sahibləri ilə bölüşürlər. Lakin bir çox pişik yalnız bir ailə üzvünün yanında yatmağa üstünlük verir və digərlərini görməzliyə vurur. Mütəxəssislərin sözlərinə görə, bu seçim təsadüfi deyil. Alimlər pişiyin niyə yalnız bir insanın yanında yatdığını izah ediblər.
Pişiklər yatmaq üçün insanı necə seçirlər?
Lent.az xəbər verir ki, əksər pişiklərin birlikdə yatmaq üçün "sevimli" insanı olur. Bu isə onların digər ailə üzvlərini sevmədiyi anlamına gəlmir. Sadəcə, yuxu zamanı özlərini daha rahat hiss etdikləri bir nəfəri seçirlər.
Mütəxəssislər bildirirlər ki, pişik adətən ona daha çox qulluq edən, yem verən, oynayan və ehtiyaclarını qarşılayan insana daha güclü bağlanır. Bundan əlavə, pişiklər onların sərhədlərinə hörmət edən və həddindən artıq israrçı olmayan insanlara üstünlük verirlər. Çox vaxt bu emosional bağlılıq pişik hələ balaca olarkən formalaşır.
Pişiyin sevimli insanı olduğunu necə anlamaq olar?
Pişiyin ailədə ən çox bağlandığı insanı müəyyən etmək çətin deyil.
Adətən o:
həmin insanı hər yerdə izləyir;
onun paltarlarının və ya əşyalarının üzərində yatır;
üzünü ona sürtür;
pəncələri ilə "yoğurma" hərəkətləri edir;
yatmaq üçün daim onun yanına gəlir.
Birlikdə yatmaq nəyi göstərir?
Alimlərin sözlərinə görə, birlikdə yatmaq pişiklər üçün mühüm sosial davranışlardan biridir. Bir evdə bir neçə pişik yaşayırsa, onlar bir-birinə yaxın yatmaqla aralarındakı güclü bağlılığı nümayiş etdirirlər. Əgər yuxuda bir-birlərinə toxunur və ya qucaqlaşırlar, bu, münasibətlərinin çox yaxşı olduğunu göstərir.
İnsanlarla münasibətdə də eyni prinsip keçərlidir. Əgər pişik daim sizin yanınızda yatır, xüsusilə də bədəninizə sıx söykənərək yuxuya gedirsə, bu, sizə dərin etibar etdiyini və özünü təhlükəsiz hiss etdiyini göstərir.
Pişik niyə məhz sizin yanınızda yatır?
Mütəxəssislər bildirirlər ki, pişik üçün seçdiyi insan ona təhlükəsizlik hissi verir, ehtiyaclarını anlayır və onu sakitləşdirə bilir. Bu səbəbdən heyvan həmin insanın yanında özünü rahat hiss edir və daha rahat yuxuya gedir.
Lakin bunun başqa səbəbləri də ola bilər.
Bəzən səbəb istilik və ya qoxu olur
Pişiklər isti yerləri sevdikləri üçün bədən temperaturu daha yüksək olan insanın yanında yatmağa üstünlük verə bilərlər. Bundan başqa, qoxu da seçimə təsir edir. Ev heyvanı daha xoş qoxu hiss etdiyi insanın yanına uzana bilər. Əgər kiminsə üzərində ona yad və ya xoşagəlməz gələn qoxu varsa, həmin şəxsdən uzaq dura bilər.
Yuxunun keyfiyyəti də mühüm rol oynayır. Məsələn, ailə üzvlərindən biri gecə tez-tez oyanır və ya çox hərəkət edirsə, pişik daha sakit yatan insanın yanında yatmağı seçə bilər.