Romantik filmlər adətən sevinc və xoşbəxt sonluqla assosiasiya olunsa da, əsl sevgi çox vaxt kədər, ağrı və daxili mübarizə ilə müşayiət olunur. Güclü hisslər, taleyin gözlənilməz dönüşləri və psixoloji sarsıntılar haqqında bəhs edən bu filmlər sevgiyə baxışınızı dəyişə bilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, sevginin müxtəlif çalarlarını nümayiş etdirən ekran əsərləri arasında Avropa şəhərlərində keçən səmimi söhbətlərdən tutmuş psixoloji dramlara qədər fərqli mövzular yer alır.
Sevgidən bəhs edən həmin 4 unudulmaz film isə aşağıdakılardır:
"Gün doğmazdan əvvəl" (1995) və "Gün batmazdan əvvəl" (2004)
Rejissor Riçard Linkleyterin çəkdiyi kult trilogiyanın ilk iki filmi İtan Houk və Juli Delpinin canlandırdığı Cessi və Selin obrazlarının təsadüfi tanışlığı ilə başlayır. Onlar qatarda rastlaşdıqdan sonra Vyanada birlikdə bir gecə keçirməyə qərar verirlər.
Filmin əsas cazibəsi personajların dərin söhbətlərində, bir-birlərini dinləməsində və daxili dünyalarını bölüşməsindədir. İlk filmin ən təsirli səhnələrindən biri qəhrəmanların musiqi mağazasında mahnıya qulaq asarkən baxışlarını bir-birindən qaçırmalarıdır. Doqquz il sonra Parisdə baş verən ikinci görüşdə isə romantika zamanla yarışa çevrilir. Cessi və Selin anlayırlar ki, həyat onları dəyişib, lakin aralarındakı hisslər hələ də yaşayır.
"Ay işığında" (1987)
Şer və Nikolas Keycin baş rollarda çəkildiyi film ilk baxışdan bir-birinə uyğun gəlməyən iki insanın sevgi hekayəsindən bəhs edir. Ronni işlədiyi çörək sexində sadə həyat sürür, taxta protezdən istifadə edir və taleyindən narazıdır. Üstəlik, o, Lorettanın evlənməyə hazırlaşdığı kişinin qardaşıdır.
Bütün bu mürəkkəbliyə baxmayaraq, rejissor Norman Cuison romantik komediya ilə dramı uğurla birləşdirib. Film sevginin məntiqə deyil, hisslərə tabe olduğunu nümayiş etdirir.
"Məsumluq dövrü" (1993)
Martin Skorsezenin ekranlaşdırdığı tarixi dram XIX əsrin 70-ci illərinin Nyu-Yorkunda cərəyan edir. Filmdə uğurlu vəkil Nyulend Arçer qrafina Ellen Olenska ilə tanış olur. Olenska nişanlısının əmisiqızıdır və uğursuz evlilikdən sonra Avropadan geri qayıdır.
Qəhrəmanlar arasında yaranan hisslər sərt ictimai qaydalar və cəmiyyətin təzyiqi fonunda inkişaf edir. Dəbdəbəli dekorasiyalar və kostyumlar personajların daxili sıxıntısını daha da qabarıq göstərir.
"Pianoçu qadın" (2001)
Mixael Hanekenin ən məşhur filmlərindən biri hesab olunan bu psixoloji dram ehtirasın qaranlıq tərəfini araşdırır. İzabel Yupper Vyana Konservatoriyasının müəllimi Erika Vaqner obrazını canlandırır. O, despot ana, xəstə ata və sərt həyat qaydaları arasında sıxılıb qalmış qadındır.
Erika gənc tələbəsi Valterlə münasibət qurduqdan sonra onun daxili dünyası sürətlə dağılmağa başlayır. Bastırılmış hisslər və psixoloji gərginlik qəhrəmanı ağır seçimlərlə üz-üzə qoyur. İzabel Yupperin təsirli aktyor oyunu Erika obrazını son dərəcə inandırıcı təqdim edir və filmi psixoloji dram janrının ən yaddaqalan nümunələrindən birinə çevirir.