“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın (BŞ) növbəti iclası keçirilib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasda cəmiyyətin sədri Rövşən Məmmədov bu günlərdə qeyd olunan AzTV-nin 64, Mədəniyyət kanalının isə 9 yaşı münasibəti ilə şura üzvlərini təbrik edib.
Sədr, eyni zamanda Şura üzvlərinin ictimaiyyət ilə Xəzər rayonunda baş tutan görüşünün nəticələri ilə maraqlanıb.
Şura üzvləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, xalq artistləri Faiq Sücəddinov, Mübariz Tağıyev, Ramiz Quliyev, Mənsum İbrahimov, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, professor Ceyran Mahmudova və digərləri çıxış edərək ictimaiyyətin Xəzər rayonunda da Azərbaycan Televiziyasını isti münasibətlə qarşıladıqlarını bildiriblər.
Şura üzvləri sonra rayon sakinləri ilə görüşdə Azərbaycan Televziyası ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Rövşən Məmmədov qeyd edib ki, ictimaiyyətin rəy və təklifləri televiziyanın efir siyasətinin yürüdülməsi üçün vacib amildir. İclasda cari məsələlər də müzakirə olunub. Eyni zamanda, Şura üzvləri təklif edib ki, AzTV Bədii Şurası ictimaiyyət ilə ardıcıl olaraq ayda iki dəfə görüşsün, bu görüşlər veriliş formatında həftə sonu efirdə yayımlansın. Veriliş zamanı görüşdə qaldırılan irad və təkliflərin də yayımlanması təkliflər arasında yer alıb.
Təklif dəstəklənərək qəbul olunub. Bədii Şuranın növbəti görüşünün Bakı Dövlət Universitetində, tələbələrlə keçirilməsi qərara alınıb.