1439
11:04
11 Fevral 2020

Koronavirusa yoluxma riskini yoxlayan MOBİL PROQRAM yaradıldı

Çində insanlara koronavirusa yoluxma riskini yoxlamağa imkan verən mobil əlavə yaradılıb.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, proqram virusa yoluxmaqdan ehtiyat edən bütün insanlara ona yoluxanlarla sıx təmasda olmaq barədə məlumatlar əldə etməyə imkan verir.

Əlavə vasitəsilə insanın son iki həftə ərzində olduğu evdə, qatarda, təyyarədə və ya avtobusda yoluxma hallarının qeydə alınmasını yoxlamaq mümkündür. Yoluxmuş insanla sıx təmasda olduğunu aşkarlayan şəxslərə evdə qalmaq və tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Çinin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, yaxın təmas lazımi qoruyucu vasitələr olmadan yoluxmuş insana yaxın məsafədə olmaq hesab edilir. Məsələn, təyyarədə xəstə ilə sıx təmasda olanlara koronavirusa yoluxan şəxslə eyni sırada, eləcə də onun qarşısında və arxasında üç sırada oturanlar aid edilir. Risk zonasına, həmçinin, salonun xəstənin olduğu hissəsində işləyən stüardessalar daxildir. Qatarda sıx təmas yoluxmuş şəxslə eyni kupedə olmaq hesab olunur.

Dövlət Səhiyyə Komitəsi ilə birlikdə hazırlanan mobil proqram Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi və “China Railway” dəmir yolu korporasiyası tərəfindən dəstəklənir.